BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar İskəndərov: "Abid Qafarovla bağlı məsələdə siyasi məqsəd hiss olunur"

““Kim TV” adlı "Youtube" kanalının rəhbəri Abid Qafarov adlı şəxs qazilərimizi, müharibə iştirakçılarını təhqir edərək onları “müti” adlandırıb. Ümumiyyətlə, Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri ilə bağlı hansısa məsələlərin manipulyasiya edilməsi yolverilməzdir. Çünki onlar Azərbaycanın şərəfli insanlarıdır. Bir insan üçün ən əziz olan şey candır və Vətən üçün şirin canından keçən insanlar həmişə hörmətəlayiqdirlər. Onlarla bağlı məsələlərdə fikir bildirərkən hər kəs çox diqqətli olmalıdır. Son vaxtlar özünü “siyasətçi” adlandıranların, siyasi şoumenlərin ifasında bunun əksini görürük, bir-birini təkrarlayan internet televiziyalarında təhrif olunmuş fikirlərə çox rast gəlirik. Təbii ki, bu, qınanılmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

O bildirib ki, şəhid ailələri, qazilərimiz dövlətin və xalqın xüsusi diqqəti, qayğısı ilə əhatələnmiş insanlardır: “Bu, hər birimizin borcudur. Əslində Abid Qafarovla bağlı məsələdə digər siyasi məqsədlər hiss olunur. Əvvəla, heç kim əlində fakt olmadan insanları “müti” adlandıra bilməz. Abid Qafarovun məhkəmədə digər insanları təhqir etməsi, siyasi partiyaların təmsilçilərinin, özünü müxalifətçi adlandıran, amma müxalifətdən başqa bütün işləri görən şəxslərin Abid Qafarovu dəstəkləmələri başqa məqsədlərdən xəbər verir. Heç bir siyasi çəkisi olmayan, indiyə qədər siyasi gündəmdə adı keçməyən insanı ortaya çıxararaq ondan istifadə edirlər. Abid Qafarov da bunları anlamalı, bilməlidir ki, onlar çox adamlardan öz məqsədləri üçün istifadə edib kənara atıblar. Hətta ola bilsin, Abid Qafarovun sonradan mühacir statusu ala bilməsi üçün belə əsaslar yaradılır. Biz belə faktları da çox görmüşük. Düzdür, şəxsən Abid Qafarov haqqında bunu deyə bilmərəm, çünki o insanı tanımıram. Amma hazırda baş verən hadisələr, onun danışıqları, məhkəmədəki fikirləri, qaziləri, müharibə veteranlarını, şəhid ailələrinin üzvlərini hiddətləndirir. Cəmiyyətdə belə məsələlərin baş qaldırmasına icazə verməməliyik. Azərbaycan hüquqi dövlətdir, bu məsələlər hüquqi tərəfdən araşdırılmalı, məhkəmə qaydasında qərar verilməlidir. Qazilərin əlinə su tökməyə yaramayan insanlar bu gün onlar haqqında fikir bildirir, onların adından danışmağa cəhd göstərir, qazilərin adı ilə spekulyasiya edirlər. Cənab Prezident İlham Əliyev, Birinci-vitse prezident Mehriban Əliyeva bu cür həssas kateqoriyadan olan insanlara həmişə diqqət və qayğı ilə yanaşırlar. Dövlət siyasətində bu məsələ xüsusi yer tutur. Dövlət bütün resursları ilə bu insanların yanındadır, o cümlədən cəmiyyətimiz də, iş adamları da. Bütün bunlar cəmiyyətimizin birliyini göstərir. Belə cılız, xırda məsələlər bu birliyə heç bir təsir göstərmir, yalnız ona kölgə salmaq cəhdidir. Nəzərə almalıyı ki, digər ölkələrdən də daxilimizdə baş verən məsələləri izləyirlər. Məhz buna görə də belə hallara yol vermək olmaz. Necə olur, olsun, qanunu pozanlar elə qanun qarşısında mütləq cavab verməlidirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyul 2022, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin