BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: ““Azərbaycan Dəmir Yolları” QSC o qədər də şəffaf fəaliyyət göstərmir”

“Bakı-Gəncə-Bakı sürət qatarında tətbiq olunan güzəştli qiymətlə gediş-gəliş bileti 30 manat məbləğində müəyyən olunur. Bu isə, əlbəttə, arzuolunan bir vəziyyət deyil. Nəqliyyat vasitələrində olan qiymətləndirməni orta aylıq əmək haqqına əsasən müəyyən etmək doğru deyil. Yəni burada alternativ nəqliyyat növlərinin qiymətlərinə, məhsulun maya dəyərinə baxmaq lazımdır. Təəssüf ki, “Azərbaycan Dəmir Yolları” bizdə olan digər dövlət qurumları kimi o qədər də şəffaf fəaliyyət göstərmədiyi üçün Bakı-Gəncə-Bakı sürət qatarında təklif olunan xidmətin maya dəyərini tam olaraq bilmirik. Amma digər nəqliyyat vasitələrinə baxdıqda Bakıdan Gəncəyə avtobus xidmətləri 12 manat, kiçik tutumlu avtomobillərdə təşviq olunan qiymətlər isə 15-25 manat aralığında dəyişir.”

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

 

R.Həsənov qeyd edib ki, sürət qatarı üçün tətbiq olunan güzəştli qiymətlərin əsas qiymət kimi müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı: “Bu qiymətlər, sadəcə, qısa müddətli dövrdə deyil, daimi olaraq bu şəkildə qalsa, daha düzgün olar. “Azərbaycan Dəmir Yolları” QSC və buna bənzər digər qurumların dövlət tərəfindən maliyyələşməsini nəzərə alsaq, məsələnin sosial tərəflərinə diqqət olunmasında da faydanın olduğunu deyə bilərik. Regionlara əlçatanlığı baxımından qatar çox vacib nəqliyyat növüdür, amma təəssüf ki, təklif olunan xidmət qiymətləri gerçəkliklərlə uzlaşdırılmır. Güzəştlərin tətbiqi daimi olmalıdır. Məsələn, Özbəkistan hökuməti əhalinin müəyyən sosial qrupları üçün bütün nəqliyyat vasitələri, o cümlədən hava nəqliyyatı üçün də güzəştlər təklif edir. Azərbaycanda da bu istiqamətdə bənzər yanaşmaların ortaya qoyulması tövsiyə olunur”.

 

Leyla Yusubova

Tarix: 8 İyul 2022, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin