BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Bəzi insanlar Qurban bayramından reklam məqsədi ilə istifadə edirlər”

“Qurban kəsilməsi, paylanması qaydalarına düzgün şəkildə əməl olunmur. Qoyunları bir yerə yığıb, birini digərinin yanında kəsirik. Əslində bir qurban kəsilən zaman, digər qurbanlıq heyvan bunu görməli deyil. Bizə elə gəlir ki, heyvanın hissiyatı yoxdur, ancaq bir heyvan digərinin kəsildiyini görəndə onun qanı qaralır və onun beynindəki yaxşı anlar öz əhəmiyyətini itirir. Bundan sonra isə bu heyvanın kəsilməsi rəzillikdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

 

R.Əliyev qeyd edib ki, bəzi şəxslərin qurbanlıq sovqat payladıqları zaman bunu reklam etmələri naqisliklərindən və dini bilməmələrindən irəli gəlir: “İslamda bir qayda var, “sağ əlini verdiyini, sol əl bilməli deyil”. Sən kiməsə sədəqə verirsənsə və bunu dilə gəitirirsənsə, bu, sədəqə Allahın yanında savabını itirir. İnsanlar müxtəlif olduqları üçün fikirləri və məqsədləri də müxtəlifdir. Bəzi insanlar Qurban bayramından reklam məqsədi ilə istifadə edirlər. Bu da onların dini başa düşməmələrindən irəli gəlir. Dini nə qədər anlatsaq, qurbanın necə kəsilməli və paylanmalı olduğunu desək də, insanlar öz bildikləri kimi edirlər. Elə hesab edirlər ki, bir qoyun kəsib paylamaqla böyük iş görmüş olurlar. Lakin bu, adi bir işdir. Qurban kəsiləndə əsas yeddi paya bölürlər. Bu paylar isə ilk növbədə ailədə olan ən yaxın adamlara, qardaş, bacıya və s. verilir. Qurbanlıq əsas adamlar arasında bölüşdürüldükdən sonra əlavə pay qalarsa, başqalarına verilə bilər. Bəzən böyük heyvanların kəsilib paylanıldığını da görürsən, ancaq daha əvvəl də qeyd etdiyim kimi, bunu göz qabağında etmək və başqalarının bunu bilməsini təmin etmək lazımsızdır. Bunu reklam etməyə gərək yoxdur. Qurbanlıq kəsilən zaman bunun çəkilişini aparmaq da naqislik nümunəsidir. Belə şeylər etmək olmaz. Din bunların hamısını qadağan edir. Belə çıxır ki, qurban kəsdiyimiz zaman savab yox, savabsızlıq görürük. Qurbanı kəsən insan məqsədi, arzusu, niyyəti üçün kəsir və bundan kiməsə bir kiloqram pay verirsə, onu reklam etmək həmin insanın məqsədinə ziddir”.

 

Leyla Yusubova

Tarix: 11 İyul 2022, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin