BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Burada İsrail tərəfi ilə İran tərəfi arasında olan münasibətlərdən söhbət gedir"

“Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələyə qarışmasına ehtiyac olmadığını düşünürəm. Burada İsrail tərəfi ilə İran tərəfi arasında olan münasibətlərdən söhbət gedir. Hesab edirəm ki, israil səfiri qeyri-adi fikir səsləndirməyib. İrana da, İranın əhalisinə də, İran siyasi rəhbərliyinə və dünyaya məlumdur ki, Təbriz əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir. Bu, İranın daxili işidir. Təbrizin tarixi, tarixdəki mövqeyi və yeri var. Tarix boyunca bu şəhərin oynadığı rol, eləcə də onun əhalisinin milli tərkibi hamıya məlumdur. Buna görə də İran səfiri İsrail rəsmisini təhqir etməməli idi.”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov İranın Azərbaycandakı səfiri Abbas Musəvinin israilli həmkarı Corc Diki təhdid etməsinə münasibət bildirərkən deyib.

 

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tviter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. Diplomat qeyd edib: "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”.

 

İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə onun bu tvitinə cavab verib.

 

“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi tviter səhifəsində yazıb.

 

Leyla Yusubova

Tarix: 22 İyul 2022, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin