BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: “Qadınlar bəzən “kişi xəyanət edə bilər, qadın isə buna göz yummalıdır” kimi təzyiqlərə məruz qalırlar”

“Xəyanət və qısqanclıq proseslərinə hər kəsdə fərdi yanaşma tərzi olur. Hər bir insan buna özünəməxsus şəkildə reaksiya verir. Məsələn, elə qadınlar var ki, ailə qurmamışdan öncə, hər hansı hadisə baş verəcəyi təqdirdə buna dözə bilməyəcəyini və boşanacağını planlaşdırır. Bəzi insanlar, ümumiyyətlə, ailə qurarkən qarşı tərəf müqabilini gizli fazada özünəməxsus şəkildə seçirlər. Bəzən qadınlar bilə-bilə ki, əri onlara xəyanət edir, danışıqda ərini bağışlamırlar, ancaq şüuraltında bağışlayırlar. Tək qalmamaq, yenidən ailə qurmamaq üçün əri ilə bir evi bölüşməli olurlar. İnsanın özünün dərk etdiyi və dərk edə bilmədiyi bəzi meyarlar var. Məhz buna görə də bir çox hallarda qadın ailəsini tərk edə bilmir. Qarşı tərəf də bəzən bu davranışdan zövq, həzz alaraq hərəkətlərini və əvvəlki vaxtlarda sahib olduğu yaşamı davam etdirir. Yəni o, xəyanətini də edir, hələ fərqli davranışlar da etməyə başlayır. Həyat yoldaşının xoşuna gəlsə də, gəlməsə də, etdiklərindən narahat olmazlar”.

 

Bunu Pravda.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

 

 

 

G.Məmmədova bildirib ki, bəzən evlilikdə hər iki tərəf bir-birini tamamlayır: “Bəzən cütlüklər bir-birini tamamladıqları təqdirdə belə, onlar arasındakı mütəmadi konfliktlər, küsüb barışmalar ətrafdakı insanlara qəribə gələ bilər. Ancaq bu insanların ailə modeli məhz bu məzmunda qurulub. Onlar mütəmadi olaraq konfliktlər, söz-söhbətlər yaşayacaqlar və bir-birilərini təkzib edib, qəbul edəcəklər. Sanki onların hər ikisi həyatı belə dəlicəsinə yaşamaqdan zövq alır. Yəni hər iki insan mazoxistlik xüsusiyyətlərinə malik olaraq bir-birinə verdikləri əziyyətdən həzz alır.”

 

Psixoloq qeyd edib ki, bəzi qadınlar xəyanətlə üzləşdikdə qarşı tərəfi tərk edib getmirlər, çünki onlar həmin insanla yaşayaraq onu incitməyi və özündə asılı vəziyyətə salmağı düşünürlər: “Qadınların bir qisimi ərini itirməmək üçün ona qarşı daha xoş münasibət nümayiş etdirir. Bir qismi isə əri ilə ayrılmasa belə, bir evin içində qalaraq ondan intiqam almaq məqsədilə çirkin, məkrli hərəkətlərə yol verir və missiyalarını həyata keçirirlər. Bir qisim qadınlar isə ümumiyyətlə, bütün münasibətləri kəsərək, cütlük olaraq bir evdə yaşamağı tərcih etmirlər. Bu səbəbdən də ayrılmağa qərar verirlər. Çox qəribədir ki, insan psixologiyasında qeyd etdiyim kimi, dərk olunan və dərk olunnmayan cəhətlər mövcuddur. Qadınlar bəzən “Xəyanəti götürə bilmərəm”, “Mən qısqanclığı qəbul edə bilmərəm” desə belə, həyati tələbatlar və yaxud da mövcud olan vəziyyət onlara bu cür addımları atmağa imkan vermir. Yəni qadın bəzən tək yaşamaqdan qorxur və ailəsinin “bizim ailədə boşanmağa yaxşı baxmırlar”, “O evə getmisənsə, oradan ancaq ölün çıxmalıdır”, “kişi xəyanət edə bilər, qadın isə buna göz yummalı və ailəsinin dağılmasına yol verməməlidir” kimi təzyiqlərinə məruz qalır”.

 

Leyla Yusubova

Tarix: 1 Avqust 2022, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin