BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Biz görmüşük ki, gəlin başını qaldırıb baxmazdı, utanardı, gizlənərdi, indi gəlin ortadan çıxmır…”

“Əvvəllər toylar şadlıq mərasimi kimi müqəddəs sayılırdı. Təəssüf ki, bu adətlər subyektiv və obyektiv cəhətdən unudulur. Texnologiyanın inkişafı və s. elə məsələləri ortaya qoyur ki, toylarda da yeniliklər olur. Bu dəyişikliyə etiraz etmək, bəlkə də, yersizdir. Lakin elə adətlər əmələ gəlib ki, müqəddəs adətlərimizi ləğv edir, bunlar narahatedicidir. Çünki subyektivdir, bunu toy sahibləri edir, toy sahiblərinə yaxın insanların təkidləri də olur. Ona görə toylarımız hədsiz dərəcədə bayağılaşıb. Necə deyərlər, “bismillah”dan bəy-gəlin əvvəllər “Vağzalı” ilə məclisə gələrdi, indi isə xarici mahnılarla. Saat 22:00, 23:00-dan sonra toylarda bayağı xarici musiqilər altında şit oynamalar başlayır. O zamanlar, hətta bəy-gəlin üç gün insanlardan gizlənərdi. Bəy toyu ayrı, qız toyu ayrı olardı. Bir az abır-həya gözlənilirdi. İndi hamısı bir-birinə qarışıb. Bunu artıq normaya çevirirlər. Əvvəllər ağsaqqallar gəlini üç gündən sonra görərdilər, xətir-hörmət var idi. Amma indi belə şeylər aradan gedib...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Təsəvvür edin, bəy və gəlin üçün xüsusi xarici rəqs sifariş olunur. Hətta bunlar əvvəldən məşq edirlər ki, oynasınlar. Bu, əslində milli adətlərimizin aşınması deyil, həm də böyük bir siyasətdir. Milli xarakterin, milli adət-ənənənin bayağılıq qarşısında, qəlbin şitliyi qarşısında güzəştə getməsi, Azərbaycan insanının mənən kiçilməyidir. Bir ailənin təməli ki bayağılıqla qoyula... “Quran”ın altından keçib sonra gəlib toyda araq, şərab içirlər. Demirəm ki, olmaz. Bunların ikisindən birini edin də. Biz görmüşük ki, gəlin başını qaldırıb baxmazdı, utanardı. İndi gəlin ortadan çıxmır, ay kişi! Dünya o qədər dəyişib, bayağılaşıb. Ümumiyyətlə, nə vacibdir ki, gəlin toyda oynasın? Nə vacibdir ki, bəylə gəlin bir yerdə rəqs etsinlər? Mən qədim adət-ənənələrimizin, mədəniyyətimizin bu cür aşınması, bayağı hislərə qurban verilməsindən çox narahatam. Mənəvi əzab keçirirəm. Nə edək ki, getdikcə daha çox azlıqda qalırıq. Biz mühafizəkar insanlara məhz geriliyin simvolu kimi baxırlar. “Geridəlqalmışlar” kimi başa düşürlər. Axı cavanlar da qulaq asmır. İndi toy edənlər də sanki yarışa giriblər, guya bunlar daha “modern”dirlər. Müasirlik müqəddəs dəyərlərimizin aradan götürülməsi deyil. Yapon xalqına niyə hamı hörmət edir? Çünki bu xalq adət-ənənələrini 90-95% yerinə yetirir, özlərinin istehsal etdikləri mallara üstünlük verirlər. Məgər onlar “modern” deyillər?”, - deputat bildirib.

 

T.Kərimli deyib ki, milli adətlərimizin unudulması milli köklərimizə balta çalmaqdır: “Tariximizi, milliliyimizi, ata-babalarımızı, nənələrimizi bəyənməməkdir, üstündən xətt çəkməkdir, o müqəddəs duyğulara nifrət deməkdir. Çünki sən özgələr qarşısında bu cür təzim edirsənsə, əlbəttə, özünkünə nifrət etmək borcundasan. Məgər dərdimiz birdir?  Bir millət ki bilməyə adı nədir? Azərbaycanlıdır, türkdür, moğoldur, azəridir? Bir millət ki özgə aylar, illər, tarixlərlə daim yaşaya, hətta qanun yaradanda 90% əcnəbi sözlərdən istifadə edə, övladlarına qeyri-milli adlar qoya... Bunlardan nə gözləmək olar? Biz uduzmuşuq, uduzduq, artıq xeyri yoxdur. 66 yaşım var. Həyatım boyu bununla mübarizə apardım. Dəfələrlə xatırladırdım. 1990-cı ildə, hətta parlament səviyyəsində milli adət-ənənələrimizin qorunması üçün mübarizə apardım. Uduzdum, çünki bir ola bilmədik, bizi üstələdilər. Texnologiyalarla, televiziya, internet, müxtəlif sosial proqramlarla... Nəinki indi övladlarımızı əlimizdən alırlar, böyüklərimiz də artıq buna uyub. Müqəddəslik, saf sevgi itib, saf məhəbbət aradan gedib, insanlar təmənna üzərində qurulub. Artıq getdikcə siniflərin sərhədləri bilinir, varlı-kasıb ortaya çıxır. Eyni paltarı geyinən varlı qızı mədəni olur, eyni paltarı geyinən kasıb pozğun olur. Artıq bu, o deməkdir ki, mədəniyyətimiz ikiləşib. Bu narahatlıq məndə daim var...”

 

Aytəkin Qardaşova

Tarix: 2 Avqust 2022, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin