BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçı: “Məhərrəm ayında toy etmək olmaz, şənlənmək üçün qonşu ölkələrə gedə bilərsiniz”

“Xalqın illər, yüzilliklər, hətta əsrlər boyu sahib olduğu müəyyən həyat bilgiləri var və onlara hörmətlə yanaşmaq lazımdır. Düşüncəmizdə Məhərrəm ayı ilə də bağlı çox maraqlı həyat bilgiləri var. Bu ay hüzn, ibadət, sosiallaşma, bir-birinə yardımetmə kimi dəyərlərə sahib mərhəmət ayı kimi yadda qalıb. İslami düşüncəyə əsasən, vaxtilə Ərəbistan yarımadasında baş verən və azərbaycanlıların da dəyər verdiyi Kərbəla hadisələri məhz bu aya təsadüf edir. Bu faciə ilə bağlı Məhəmməd Füzulidən, Nəsimidən tutmuş bir çox şair və yazıçılarımızın əsərləri, mərsiyələri bizə ötürülüb”.

 

Bunu Pravda.az-a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

 

A.Əbilov bildirib ki, Azərbaycanda dini rəngarənglik var: “Ölkədə İslam dinin müxtəlif təriqət və məzhəbləri mövcuddur. Əhli-sünnə vətəndaşlarımız şiələrin Məhərrəm ayı və Kərbəla faciəsi ilə bağlı təziyələrinə hörmətlə yanaşıblar. Çünki bu böyük bir mədəniyyət və yaşam fəlsəfəsidir. Azadlıq fəlsəfəsinin bir növ xalq tərəfindən qəbul edilmiş variantıdır. Amma son vaxtlar vəhhabi, sələfi və digər liberal, radikal dini təriqətlərin nümayəndələri Azərbaycanda oturuşmuş İslam dini görüşünə qarşı sərt fikirlər səsləndirməklə, təhqir və tənqid edirlər. Əlbəttə, bu, qəbul edilən hal deyil. Bir şeyi qəbul etməyə bilərsiniz, amma hörmət etməyə və tolerant yanaşmağa borclusunuz. Qanuvericilik, mentalitet və vicdan məsələsi də bunu tələb edir. Təəssüflər olsun ki, özlərini ibraniliyə, xristianlığa qarşı tolerant göstərən bu şəxslər İslamın məzhəblərinə qarşı, daha dəqiq desək, şiə məzhəbinə qarşı heç də tolerant deyillər. Özümüzə qarşı tolerant olmayanların səmimiyyətinə necə inana bilərik ki? Kimsə bu ayda, yəni Məhərrəm ayında kədər, hüzn ayı olduğuna görə şənlik keçirib, toy etmirsə, hörmətlə yanaşmaq lazımdır. Xristianların toy keçirmələrinə baxmayaraq, yaxşı olar ki, İslamın digər məzhəblərinə mənsub insanlar şənlik keçirməkdən çəkinsinlər. Məsələn, bizim Şimal bölgədə yaşayan əhli-sünnə vətəndaşlarımız artıq şiələrə hörmət əlaməti olaraq şənlik keçirmirlər. Bunu bir tolerantlıq, multikultural düşüncə tərzi kimi qəbul edirlər. Məhərrəm ayı və Kərbəla faciəsi bizim üçün yalnız İslamla bağlı deyil. Həmin ay həm də qızılbaşların, yəni Şah İsmayıl Xətainin qaldırdığı və ideologiyaya çevirdiyi şiəizmin ayı kimi də qeyd edilir. Şah İsmayıl Xətai şiəizmi dövlətçilik ideologiyasına çevirərək böyük bir imperiya yaratmasaydı, Nadir Şah okeandan okeana onu genişləndirməsəydi, bəlkə də indiki Azərbaycan da olmazıdı. Ona görə hörmətlə yanaşmaq lazmdır. Məhərrəm ayında şənlik, toy etmək istəyən insanlar varsa, Füzulinin, Nəsiminin, Xətainin əsərlərinin, eləcə də Xətainin, Nadir Şahın gördüyü böyük işlərin üzərindən xətt çəksinlər. Onda qoy, 20 Yanvar, həmçinin digər matəm günləri də toy büsat etsinlər. Kərbəlada baş verən hadisələr zamanı azərbaycanlılar da, türklər də vuruşublar, həlak olublar. Məhərrəm ayının özünün enerjisi də ağırdır. Qonşuluqda kiminsə ağladığı müddətdə sizin toy etməniz imkansızıdır. Bu günahdır və mentalitetimizə də yaddır. Atan öldüyü təqdirdə anana ad gününü keçirib sevinməyin mümkünsüzdür. İnsanlar ən azı bunu qəbul edib başa düşməlidirlər, ehtiyatlı olmaq lazımdır. Özüm də bu dövrdə kəskin səs-küylü, musiqili şənliklərin keçirilməsinin qəti əleyhinəyəm. Onsuz da 12 ayı çalıb, oynayıb sevinirik, bütün günü restoranlardayıq. Heç olmazsa, iki ay il boyu gördüyümüz işlərin hesabatını verək. Kədərli, qəmli olan hadisələrin analizini edək. Bu dünyaya nə üçün gəldiyimizi, kimlərə kömək edə biləcəyimizi, kimlərin kədərini paylaşdığımızı aydınlaşdıraq. Nəinki Məhərrəm ayında, Ramazan ayında da böyük, təmtəraqlı şənliklərin keçirilməsi məqbul sayılmır. İnsan günün hər dəqiqəsində gülə bilməz, belə olarsa, ürəyi partlaya və ya ona dəli kimi baxarlar. Cəmiyyət də belədir. Yəni ilin 12 ayını sevinib, gülüb, şadlanıb, toy edə bilməzsən. Bunun kədərli, depressiv, psixoloji ayları da var. Yaxın qonşu ölkələrə gedib şən tədbirlərinizi keçirə bilərsiniz. Hindistanlılar Türkiyəyə, Azərbaycana gəlib inək ətini yeyən kimi, siz də qonşu ölkələrə gedib şənlənə bilərsiniz. Əlbəttə, söhbət əhli-sünnələrdən gedir. Çünki Məhərrəm ayı ilə bağlı şiələrin “Bu ayda toy etmək olmaz” kimi konkret fikri var Buna daha çox etiraz edənlər isə radikal şəxslərdir”.

 

Leyla Yusubova

Tarix: 4 Avqust 2022, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin