BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Məhərrəm ayında mərasimlər zamanı polislər məscidlərə gedən yolları bağlayırlar ki...”

“İyulun 30-u Məhərrəm ayı başlayıb. Bu ay şiə təriqətinə mənsub insanlar üçün vacib əhəmiyyəti olan aydır. Şiələrin bütün hərəkətləri Kərbəla müsibəti ilə bağlıdır. Bizim məscidlərdə də artıq bununla bağlı moizələrin başladığını görürük. Bu moizələrə əvvəlki illərə nisbətdə daha çox insan yığışır. İngiltərədəki səfirliyimizə qarşı törədilən hücumun şiələr tərəfindən həyata keçirilməsinə gəlincə, hadisəni radikal dindarlar tərəfindən həyata keçirildiyini bildirmək lazımdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

 

R.Əliyev bildirib ki, Londonda törədilən bu hücum Azərbaycanda şiələri qızışdırmaq məqsədilə atıla bilər: “Bu addımı atanlar Azərbaycandan onlara dəstək addımının atılması üçün edirlər. Amma unudurlar ki, Azərbaycanda şiələrə qarşı münasibət çox müsbətdir. Onlara qarşı heç kimin ciddi iradı yoxdur. Ölkəmizdə sünnilər, şiələr, provaslavlar, yəhudilər hamısı öz işlərindədir. Bu təriqətlərin hamısının dini kökləri və müəyyən mərasimləri var. Bu baxımdan Məhərrəm ayı da şiəliyin əsas mövzusudur. Ona görə də indi onlar çox həssasdırlar. Deyilən hər biz söz, atılan hər bir ehtiyatsız addım onları qızışdıra bilər. Onlar bu dönəmdə öz hərəkətlərinə fikir verməyə bilərlər. Bizim üçün bununla bağlı heç bir ciddi qorxu yoxdur, çünki xalqın onlara qarşı münasibəti normaldır. Ölkədə tolerantlıq var. Hər kəs ibadətini rahat şəkildə edə bilər. Məhərrəm ayı 40 günlük prosesdir və bu, hər il olur. Bu ayda zəncir vurma, baş yarma kimi məsələlərə gəlincə, düşünürəm ki, artıq insanların əksəriyyəti bunun İman Hüseyn, İmam Həsən, İmam Əlinin qohumlarına yaxın şey olmadığını anlayıblar. Bunu insanların özləri fikirləşib tətbiq edirlər. Düzdür, indi Azərbaycanda bunların sayı azalıb, amma azalsa belə, yenə də bu hallar var”.

 

R.Əliyev qeyd edib ki, Azərbaycanda hər hansı dini qarşıdurmanın olması ehtimalı yoxdur: “Dövlətin indi sabitliyi qorumaq üçün etməli olduğu yeganə şey dini mərasimlərin keçirildiyi yerlərdə asayişi gözləməkdir. Hər hansı qeyri-qanuni hərəkət olarsa, bunu qarşısı da qanun çərçivəsində alınmalıdır. Amma dövlətin xüsusi, ciddi addım atmasına ehtiyac yoxdur. Əksinə hazırda ölkədə dinlə dövlət arasında vəhdət var. Məsələn, Məhərrəm ayında mərasimlər zamanı polislər məscidlərə gedən yolları bağlayırlar ki, başqa maşınlar ora getməsin və insanlar rahat ibadətlərini etsinlər. Bunların hamısı dinlə dövlət arasında olan tənzimlənmiş formadır. Bu işlər hər il görürlər və bu il də görüləcək”.

 

Leyla Yusubova

Tarix: 5 Avqust 2022, 18:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin