BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Şimali Kiprin müstəqilliyinin Azərbaycan tərəfindən tanınması hələ tezdir”

“Cənab Prezident İlham Əliyevin Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşü qardaşlıq görüşüdür və mənəvi əhəmiyyəti çox böyükdür. Lakin siyasi cəhətdən indiki halda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin Azərbaycan tərəfindən tanınması hələ tezdir. Çünki bundan ötrü müəyyən geosiyasi şəraitin yetişməsi gərəkdir. Hazırda Qarabağla bağlı başa çatdırılmamış müəyyən problemlərimiz var. Ermənistanla Azərbaycan arasında üçtərəfli razılaşmanın bütün müddəaları hələ icra olunmayıb. Mümkündür ki, beynəlxalq güclər bizə qarşı bu məsələdən istifadə etsinlər. İnanıram ki, lap yaxın gələcəkdə Şimali Kipr Türk Respublikası öz təbii haqlarına qovuşacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat xatırladıb ki, Şimali Kiprə qarşı vaxtilə çox haqsızlıqlar olub: “Kipr türklərinin keçdiyi tarixi yol, torpaqları, halal haqları uğrunda vətənpərvər mübarizəsi, artıq müstəqil dövlət atributlarının formalaşdırılması, dövlət idarəetmə institutlarının tam təşkil olunması, fəaliyyət göstərməsi, istər qanunverici hakimiyyət, istər məhkəmə orqanlarının sərbəst fəaliyyəti, iqtisadi imkanları və s., imkan verir ki, Şimali Kipr müstəqil dövlət olaraq yaşasın, fəaliyyət göstərsin. Təəssüf ki, onlara qarşı beynəlxalq birlik tərəfindən çox haqsızlıqlar oldu. Xatırlayırıq ki, BMT-nin keçmiş Baş katibi Kofi Annanın Şimali Kiprin müstəqil dövlət olması ilə bağlı 2004-cü ildə irəli sürdüyü Annan planı var idi. Həmin planı türklər böyük səs çoxluğu ilə qəbul etdilər, amma yunanlar bu planı böyük səs çoxluğu ilə rədd etdilər. Təəssüf ki, yenə də ikili standartlar və dünyadakı beynəlxalq normaların işləməməsi planın baş tutmasına əngəl yaratdı. Azərbaycan xalqı mənəvi olaraq Kiprli qardaşlarımıza dəstək verir və gələcəkdə də verəcək. Qarşı tərəfin apardığı hiyləgər, hər hansı hüquq normalarına uyğun olmayan siyasətə qarşı olaraq, təbii ki, hüquq normaları çərçivəsində kiprlilərlə münasibətlərimizi qururuq. Daha çox mədəni əlaqələrə üstünlük verilir. Humanitar sferada turizmin inkişafı ilə bağlı kifayət qədər addımlar atılır. Düşünürəm ki, yaxın gələcəkdə kiprlilərin arzusu həyata keçəcək və Azərbaycan da Şimali Kipr dövlətini müstəqil olaraq tanıyacaq. Müəyyən zamana ehtiyac var. İndiki halda bizim üçün problemlər yarana bilər. Hesab edirəm, kiprli qardaşlarımız da bunu çox düzgün başa düşürlər. Təbii ki, Ermənistanla münasibətləri tam yoluna qoyandan sonra qarşımızda heç nə dayanmayacaq. Biz Kiprin müstəqilliyini tanıyacağıq, buna əminəm”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Avqust 2022, 14:25   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin