BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülər Məmmədova: “Pulu hamı sevməlidir, çünki insanda bolluq, zənginlik, bərəkət yaradan enerjidir”

“Pul həyatımızda sağlamlığımız, fiziologiyamız, psixologiyamızla bağlı rastlaşdığımız, üzləşdiyimiz əksər problemləri həll etmək üçün güclü bir vasitədir. Bunu hamımız bilirik. Pula olan maraq və dəyər uşaq ikən ailədə formalaşır. Pulla bağlı düşüncələrin təməli ailədə qoyulur. Ailə modelləri isə müxtəlifdir. Hər hansı vahid ailə sistemi yoxdur. Buna görə də hər ailənin pulla bağlı durumu özünəməxsus və fərdidir. Pul insan həyatının çox hissəsini əhatə edir. Pula sevgi ilə yanaşmağı valideynlərdən öyrənmək lazımdır. Əslində hər bir uşaq tələbatını ödəmək istəyəndə, valideyn ona pulun dəyərini aşılamağı bacarmalıdır. Məsələn, uşaq qiymətli bir əşya istəyir, amma o əşyanı almağa valideynin imkanı çatmır. Uşağa bunu sağlam şəkildə izah etməlidir. Məsələn, “məvacibim alan zaman bu əşyanı sənə hədiyyə edərəm, ancaq hazırda buna imkanımız çatmır” şəklində. Yəni “biz kasıbıq”, “bizim bunu almağa gücümüz çatmır” nümunəsində deyil. Ona bu əşyanın hazırda o qədər də vacib olmadığını başa salmaq lazımdır. Bunu sağlam şəkildə etdikdə, insan böyüdükcə pulla alınan şeylərin həsədini çəkmir. Hamımız bilirik ki, ödənilməyən tələbatlar heç vaxt yaddan çıxmır. Əvvəl nəyəsə həsəd aparırıq və zamanında onu ala bilmirik. İllər keçdikdən sonra isə pul yığıb alırıq, amma o şey artıq bizim üçün adiləşir. Əslində hər şey belə adiləşir. Bizim qida tələbatlarımızın, ümumiyyətlə, bir çox məişət tələbatlarımızın ödənilməsi üçün madiyyat mütləq lazımdır”.

 

Bunu Pravda.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

 

G.Məmmədova bildirib ki, bir çox insan daha komfortlu yaşamaq, hər şeydən yüksək səviyyədə istifadə edə bilməsi üçün pula daha böyük maraq göstərir: “O, bu yaşayışı özünü başqaları ilə müqayisə edərək əldə etmək istəyir. Daha komfortlu şəkildə yaşayaraq özünü kimlərdənsə fərqli duymaq istəyir. Pula olan belə hərislik onda bir çox düzgün olmayan prosesə üz tutma davranışını aşılayır. Yəni o, pul qazanıb yaxşı yaşamaq üçün əlindən gələni edə bilər. Əlbəttə, bu, hər kəsə şamil olunmur. Gözəl və komfrotlu yaşamaq üslubu da hər kəs üçün fərdidir. Kimsə dünyanın bütün ölkələrini gəzməyi planlaşdırır və bunun üçün yaxşı işləyir, əziyyət çəkir pul yığır, yüksək hədəflər qoyur. Buna çatmaq məqsədilə onun pul qazanmaq üçün xüsusi motivləri olur və o, istəyinə çatır. Bu insan özünün əziyyəti hesabına kiçik bir şeydən başlayır. Məsələn, kiçik bir sapdan başlayaraq özünə parça fabriki açır. Çünki onun məqsədi və istəyi var. Belə şəxsin qazandığı pullar düzgün şəkildə idarə olunur, boşuna israf etmir, dəyər verir. Belə insanlardan fərqli olaraq isə bəzi insanlar pula həris olur. Hətta onlara “cahil varlılar” da deyirlər. “Cahil varlılar” əllərində olan pulu görməmişcəsinə xərcləyirlər, pul sonradan gəldiyi üçün düzgün şəkildə idarə edə bilmirlər. Hər kəs öz xarakterinin xüsusiyyətlərinə uyğun olaraq pulu xərcləyir. Pul insanın xarakterində də müəyyən dəyişikliklər yarada bilər. Çoxlu pul, həddindən artıq əyləncə, fərqli mühitə qatılma insanın münasibətlərində də fərqli ortam yaradır. Onun əhatəsi, mühiti dəyişir və o, artıq oturub-durduğu insanlar arasında seçim edir. Yediyi qidada, geyindiyi geyimdə dəyişikliklər etməyə başlayır”.

 

Psixoloq qeyd edib ki, pulu hamı sevməlidir, çünki insanda bolluq, zənginlik, bərəkət yaradan enerjidir: “Pulu layiqli formada sevmək lazımdır. Onu kiminsə canını acıdaraq, kiməsə əziyyət verərək deyil, sağlam təfəkkürlə qazanmaq lazmıdır. Bunun üçün insanda xüsusi zəka olmalıdır. Bəzi insanların savadı, intellekt səviyyəsi var, amma özünü göstərə, savadını ortaya çıxara bilmədiyi üçün layiqli pulu qazana bilmir. Arzuladığı həyatı yaşaya bilmir. Ona görə də bunların hamısı fərdi yanaşmadır. Bu, həm də insanların gözütox və gözüac olmaqlarından irəli gəlir. Məsələn, məmurlar elə ortamda yaşayırlar ki, onların ətrafında, demək olar ki, yalnız məmurlar olur və özlərini bu ortamla müqayisə etməyə başlayırlar. Onların psixologiyası tam başqadır. Həbs olunarkən evlərindən külli miqdarda pulların çıxması da onların acgözlüklərinin bariz nümunəsidir. Bu insanlar doymur. Doymurlarsa, deməli, bu həyatı belə yaşamaq istəyirlər. Bəlkə də bu pulu uşaqlarının bundan sonrakı həyatını təmin etmək üçün saxlayır. Əlbəttə, onlar bu pulu ancaq özləri üçün saxlamırlar”.

 

Leyla Yusubova

Tarix: 11 Avqust 2022, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin