BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə keçmiş məhkum dostu ilə zarafat edən əmisini bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini bıçaqlamaqda təqsirləndirilən Şirvan Quliyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

Qeyd: Hadisə 2021-ci il fevralın 23-də saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Nömrə 1” adlı kafedə qeydə alınıb.

 

Belə ki, paytaxt sakini, 1995-ci il təvəllüdlü Şirvan Quliyev əmisi, 1981-ci il təvəllüdlü Quliyev Adil Çərkəz oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

 

Şirvan Quliyevin barəsində Cinayət Məclləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

 

Məhkəmə iclasında Şirvan Quliyev elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib.

 

O ifadəsində göstərib ki, əmisi Adil və dostu Bayramla birgə yeyib-içmək üçün kafeyə gəliblər. Masada əyləşən zaman Adil xoşagəlməz hərəkətlər etməyə və pis danışmağa başlayıb, Bayrama əl-qol atıb. Şirvan bir neçə dəfə əmisinə xəbərdarlıq edərək, belə etməməsini və danışığına fikir verməsini bildirib. Onun sözlərinə baxmayaraq, Adil yenə də öz hərəkətlərinə davam edib. Təxminən saat 22 radələrində Bayram işdən zəng gəldiyini və getmək istədiyini deyib, masadan qalxaraq tualetə gedəcəyini və oradan da işə gedəcəyini söyləyib. Bayram tualetə gedən zaman Şirvan kafedə işləyən ofisiantı çağırıb və limon gətirməsini, həmçinin onu doğramaq üçün bıçaq da gətirməyi deyib. Bir müddət sonra ofisiant bir ədəd bıçaq və limon gətirib. O, limonu kənara qoyub bıçağı əlinə götürüb və Adilin üzərinə gedib. O, əmisinə “stolda oturan adama artıq hərəkət eləmək olmaz” söyləyib. Daha sonra onlar tutaşıb və bir-birini itələməyə başlayıblar. Bu zaman o, əlində olan bıçaqla bir dəfə Adilin qarın nahiyəsindən vurub. Orada olan şəxslər isə onları ayırıblar. Şirvan Adili vurduğu bıçaqla kafedən çıxıb və çöldə onu yerə atıb. Daha sonra Bayramın avtomobilinin yanında dayandığını görüb ona yaxınlaşıb və nəqliyyat vasitəsinə əyləşib oradan uzaqlaşıblar. Onlar birlikdə Bayramın idarə etdiyi avtomobillə Səngəçal istiqamətində hərəkət edib. Bu zaman Bayram ona Adillə dalaşıb-dalaşmadığını soruşub. O isə Bayrama Adillə mübahisə etdiyini və bıçaqla onu vurduğunu bildirib.

 

Xatırlatma: Şirvan Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Prezidentin 24 may 2018-ci il tarixli sərəncamına əsasən, o, cəzanın çəkilməmiş hissəsindən azad edilib. Şirvan Quliyev növbəti cinayət əməlini törədəndə isə onun məhkumluğu ödənilməmiş və götürülməmişdi.

 

Kamal Məmmədov

Tarix: 11 Avqust 2022, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin