BURADA REKLAMINIZ OLA
BİLƏR

"Başqa ölkələrə qibtə ilə baxmaq mənasızdır" - Sabir Rüstəmxanlı

“Başqa ölkələrə qibtə ilə baxmaq mənasızdır. Çünki insan kimi, hər xalqın da öz taleyi var; üstəlik iqlim, təbii şərait, keçilən tarixi yol da təsirsiz qalmır. Ancaq dünya gör-götür dünyasıdır və yaxşı şeylər gözdən yayınmır. Bosniya və Hersoqovina, Xorvatiya və Sloveniya ilə qısa müddətli tanışlıq zamanı ürəyimdən keçən əsas fikir belə idi: niyə biz də öz yurdumuzda buna bənzər sadə, lakin mükəmməl səliqə-sahman yaratmırıq, niyə təbiətimizi bu cür qorumuruq, niyə torpaqlarımızdan bu şəkildə istifadə edə bilmirik, niyə bütün kəndlərin belə səliqəli asfalt yolları yoxdur, niyə onlar kimi gözütoxluqla yaşamaqdan imtina edib qısa həyatımızı gərəksiz ehtiraslarla yükləyirik? Niyələr çoxdur... Hamısını saymaq isə imkansızdır...”

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

 

“Heç birinin nə nefti var, nə də qazı! Amma gözəl və zəngin təbiətləri, bərəkətli torpaqları var. Üç ölkədən keçirsən bir parça boş, becərilməyən sahə görmürsən.  Hər yan gül-çiçək ola-ola eyvanlar də gül dibçəkləri ilə haşiyələnib. Təmtəraqdan uzaq, çox da böyük olmayan evlər yan-yana, yaşıl çəmənlikdən bitmiş kimi görünürlər. Heç birinin də hasarı yoxdur... Balaca həyətlərin hər birində ailəyə lazım olan tərəvəz məhsulları üçün kiçik bostanlar var. Meşə içində, ya da öz təsərrüfatlarının, tarlalarının ortasında bir yerdə dörd-beş ev, xırda xutorlar. Üç ölkə keçəsən, heç yerdə toz-duman, küçəyə, yola atılan çöp, əsəblərə toxunan səliqəsizlik, təbiətə hücum görməyəsən. Bizim alışmadığımız durumdur... Bosniya və Hersoqovina hələ Yuqoslaviyanın mövcudluğu dönəmində, metallurgiya sənayesi ilə tanınıb. Bəzi zavodlar bu gün də işləyir. Dağlardan filizli torpaq daşındıqdan bir müddət sonra qazıntı yerlərində yaşıl örtük, meşələr yenidən bərpa edilir. Yuqoslaviyanın dağılmasının və federal vahidlərin müstəqilləşməsinin ən ağır qarşılığını boşnak-müsəlman xalqı ödəyib. Dünyanın gözünün qabağında boşnaklara qarşı soyqırım törədilib. Təkcə Serebritsa faciəsini xatırlasaq bu soyqırımın miqyasını təsəvvür edə bilərik. On minlərlə boşnak gənci dünya görə-görə güllələndi. Başkəsən dəstələr bir neçə il bu ölkəni qan gölünə döndərdi, lakin boşnak xalqı sınmadı. Sarayevo boyda şəhər təkcə Ümid tuneli ilə gətirilən ərzaqın hesabina yaşasa da düşmənə təslim olmadı. Müharibənin yaraları hələ də sağalmayıb. Savaş bölgələrində tərk edilmiş evlərin bir qisminə hələ də həyat və sakinlər qayıtmayıb. Lakin ötən müharibənin bundan da təsirli “izləri”, “yadigarları” var: şəhid məzarlıqları. Sarayevodakı qəbirstanlıqlar həm böyük ərazilərinə, yamaclarda, hamının gözü qarşısında olduqalarına, həm də göz qamaşdıran, səliqəli ağ mərmər başdaşlarının sonu olmayan sıralanmasına görə şəhər mənzərəsində çox aydın seçilir. Yol boyu qəbirlərin sayı-hesabı yoxdur. Eyni böyüklükdə, eyni üslublda olan ağappaq mərmər parçaları... Üstlərində şəkil-filan da yoxdur, sadəcə adlar yazılıb, bizim adlar, müsəlman adları. Elə bu adları daşıdıqlarına görə də boşnakların qəsdinə durulmuşdu... Qəbirlər insan ömrünün son nişanələridir. Heç biri abidəyə, bütə, ailənin maddi imkanlarının nümayiş vasitəsinə çevrilməyib. Buna görə də bu məzarlar dünyasında rahatlıq, bərabərlik duyğusu və əbədi qardaşlıq havası var. Toplumdakı qeyri-bərabərlik bir yana, hətta qəbiristanlıqlarımız da harınlığın, maddiyyatın, başqalarına yuxarıdan aşağı baxmaq qudurğanlığının, təbəqələşmənin göz deşdiyi yerə çevrilib. Bosniya və Hersoqovinada əsasən üç xalq yaşayır: müsəlman boşnaklar, hersoqovinalılar və serblər. Xorvatiya sərhədindən ölkənin paytaxtı Sarayevoya qədər boşnakların məskənləri məscid minarələri ilə seçilir. Sarayevo da müsəlman şəhəridir. Bunu ilk baxışda seçmək mümkündür. Üz-üzə dayanmış yamaclarda şəhərin minarələrini saya bilmədim, ancaq Bakıdakından ən azı 10-15 dəfə çox olardı. Üstəlik şəhərin qədim məhəllələri Osmanlı çağlarının havasını hələ də qoruyub saxlayır... Çarçı-bazarı, məscidləri, şadırvan və meydanları, çay bağçaları ilə İstanbuldan, Bursadan, Ərzurumdan çox da fərqlənmir. Paşaların, valilərin tikdirdikləri körpülərə, məscid və saraylara baxdıqca insan ürəyini qəribə bir xiffət bürüyür. Osmanlı bayraqları, mehtər marşları və at kişnərtisi üçün darıxırsan. Sıra-sıra olan meşəli dağlara, dərin dərələrə baxdıqca bu torpaqlardan adlayıb Vyanaya kimi getmiş orduların, türk əsgərinin qəhrəmanlığı yenidən ürəyini qanadlandırır. Onları bu naməlum dağlardan aşıran, bu meşələrdən, çaylardan keçirən hansı ruh idi?. Bu uzaq məsafələri at üstündə necə keçmişdilər? İndi yalnız xatirələr qalıb... Dünyamız kiçildikçə ruhumuz da, sözümüz də qısılıb. Tərk etdiyimiz yerlərə həsədlə baxırıq. Son mənzillərimizdə belə bərabərliyin olmadığı müddətdə, bu dünyamızda ədaləti və haqqı bərpa edə bilməyəcəyik. Bizim kimi ağır savaşdan çıxmış bir ölkədən aldığım dərs bu oldu...”, - deyə S.Rüstəmxanlı qeyd edib.

Tarix: 11 Avqust 2022, 19:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin