BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sahibkar Naxçıvanda əl arabalarını istehsal etməyi lazım bilibsə, deməli, tələbat var” - Ekspert

“Naxçıvanda əl arabaları istehsalı ilə məşğul olan müəssisə zavod deyil, özəl sektoru təmsil edən məhdud məsuliyyətli cəmiyyətdir. Yəni özəl sektorun bir sexidir. Dövlət bu müəssisəyə çox dəstək verməyib və sadəcə, 56 min manata yaxın əlavə vəsaitlə dəstək olub. Biz Naxçıvan bölgəsi üçün belə müəssisənin açılmasının yalnız alqışlaya bilərik. Bu bir istehsal müəssisəsidir və burada nəyin istehsal olunmasının fərqi yoxdur. Sahibkar əl arabalarını istehsal etməyi lazım bilibsə, deməli, tələbat var”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

 

E.Kərimli bildirib ki, heç bir sahibkar rentabelli olmayan sahəyə vəsait yatırmaz: “Bildiyim qədərilə həmin müəssisə əvvəl də fəaliyyət göstərib, sadəcə, indi əlavə yer verilib. Görünür ki, bununla fəaliyyətini inkişaf etdirmək istəyib. Hətta başqa alətlər də istehsal etməyi planlaşdırırlar. Burada 10 nəfər yeni iş yeri ilə təmin olunub. Sözsüz ki, böyük istehsal müəssisəsi deyil. Lakin açılan iş yerinin Naxçıvan bölgəsində yerləşdiyini də nəzərə alaraq, müsbət hal kimi dəyərləndirirəm. Yəqin ki, gələcəkdə tikinti işlərinə vüsət verilərsə, digər bölgələrdə də müəssisənin məhsullarına ehtiyac olacaq. Bildiyim qədərilə, bu arabalar əvvəllər daha çox İran və Türkiyədən idxal edilirdi. Əlbəttə ki, bu da qiymətə təsir göstərirdi və baha olurdu. Belə arabalar ölkəmizdə istehsal olunursa, bunu yalnız müsbət hal kimi dəyərləndirirəm. Biz yalnız belə müəssisələrimizin sayının çox olmasını arzulaya bilərik. Bu, həm yerli məşğulluğun təmin olunmasında müsbət rol oynayacaq, həm də sahibkarlığa tövhəsini verəcək. Hər bir müəssisə kiçik fəaliyyətlərdən başlayır. Bu gün araba istehsal edər, sabah daha mürəkkəb konstruksiya. Onu da qeyd edim ki, istehsal potensialımız belə kiçik müəssisələrlə ölçülmür. Sumqayıtda sənayə zonamız var, ağır metallurgiya, boru istehsalı, poladəritmə ilə məşğuldurlar. Avtomobil yığan zavodumuz, mebel və tikinti məhsulları istehsalı ilə məşğul olan sahələrimiz də var. Azərbaycanda qida sənayesi də yaxşı inkişaf edib. Bu gün bu sahədə həm konservləşdirmə, həm də emalda böyük potensialı olan müəssisələrimiz var. Ümumiyyətlə, əl arabalarını istehsal edən kiçik müəssisənin açılmasının bu qədər ajiotaj doğurması mənə aydın olmadı. Bu məsələni yeni sahibkarlıq subyektinin fəaliyyətə başlaması və ya fəaliyyətini genişləndirməsi kimi qiymətləndirirəm”.

 

Leyla Yusubova

Tarix: 15 Avqust 2022, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin