BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sirab”ın tərkibindən mineralların çıxarılması barədə iddialara CAVAB

“Sirab” şirkəti satışa buraxdığı suların tərkibindən mineralların çıxarılması barədə yayılan iddialara münasibət bildirib.

 

"Sirab"ın Bakı ofisinin direktor müavini Sərkərdə Sərxanoğlu Pravda.az-a açıqlamasında deyib ki, son günlər sosial mediada bəzi vətəndaşlar tərəfindən “Sirab” sularının qazsız çeşidinin tərkibindəki minerallarla bağlı müxtəlif suallar səslənir: “Bəzi mütəxəssislər də məsələnin mahiyyətinə varmadan bu yöndə heç bir araşdırma və ya arqumentə dayanmayan açıqlamalar verirlər. Nəzərinizə çatdıraq ki, “AZS 216-2006” standartına əsasən, minerallaşma dərəcəsindən, tərkibindəki bioloji aktiv mikroelementlərin miqdarından asılı olaraq içməli təbii mineral sular təyinatına görə mineral, mineral müalicəvi süfrə, mineral müalicəvi sular qruplarına ayrılırlar. Mineral süfrə suları kateqoriyasına minerallaşma dərəcəsi 1.0 q/dm3-dək olan sular aid edilir. Mineral müalicəvi süfrə sularına isə minerallaşma dərəcəsi 1.0 q/dm3-dən 10.0 q/dm3-dək olan sular və ya minerallaşma dərəcəsi daha az, tərkibində kütlə qatılığı içməli mineral sular üçün qəbul edilmiş balneoloji normalardan aşağı olmayan bioloji aktiv mikroelementlər mövcud olan sular aid edilir. Mineral müalicəvi sulara isə minerallaşma dərəcəsi 10.0 q/dm3-dən 15.0 q/dm3-dək  olan sular və ya minerallaşma dərəcəsi daha az, tərkibində yüksək miqdarda arsen, bor və bəzi başqa bioloji aktiv mikroelementlər mövcud olan sular aid edilir”.

 

Şirkət rəsmisi bildirib ki, minerallaşma dərəcəsi daha yüksək olan müalicəvi suların istifadəsi üçün həkim icazəsi olmalıdır: ““Sirab” qazsız təbii mineral süfrə suyunun qablaşdırmadakı etiketinin üzərində göstərilən kimyəvi tərkib cədvəlindəki ümumi minerallığı 0.10-0.15 q/dm3-dir. Bu da mineral süfrə suları sinfinə daxil edilir. “Sirab” qazlı təbii mineral süfrə suyunun qablaşdırmadakı etiketinin üzərində göstərilən kimyəvi tərkib cədvəlindəki ümumi minerallığı isə 1.5-3.3 q/dm3-dir. Bu isə mineral müalicəvi süfrə suları sinfinə daxildir. Xatırladaq ki, “Sirab” mineral suyu 250 metr dərinlikdə mineral su hövzəsindən çıxır və “Sirab” qazlı mineral müalicəvi süfrə suyu kimyəvi tərkibi dəyişilmədən qazlı şəkildə qablaşdırılır. “Sirab” qazsız təbii mineral süfrə suyu isə mənbədən gələn suyun kimyəvi tərkibi müəyyən filtirasiyalardan keçirilərək, mineral süfrə suyu sinifinə uyğun, qazsız şəkildə qablaşdırılır. Ümid edirik ki, bu açıqlama “Sirab”la bağlı cəmiyyətdə yaranmış və cavab axtarılan sualları aydınlatmaq üçün yetərli olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Avqust 2022, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin