BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni il günü "Şəhrizad" kafesində “sənin ananı tanıyıram” sözünə görə tanışını öldürdü

Bakıda Fikrət Hüseynovu öldürməkdə təqsirləndirilən Cavid Ataşzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata gör, o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
 

O, dindirilərkən deyib ki, mikrorayon ərazisində yerləşən “Şəhrizad” və “Yeni məkan” kafelərinin müştərisi imiş.
 

Cavid Ataşzadə qeyd edib ki, mərhum Fikrəti bu kafelərə gələndə görüb və tanıyıb:
 

“Onunla dostluq münasibətim yox idi, sadəcə olaraq salam-sağolum vardı. 2021-ci ilin sentyabr ayında mən “Yeni məkan” kafesində çayımı içdikdən sonra çıxıb evinə getdim. Yay mövsümü olması ilə əlaqədar Fikrətgil “Şəhrizad” kafesinin çölündə oturub yemək yeyirdilər. Onlar üç nəfər kişi idi. Yoldan keçəndə Fikrət mənə “bir dəqiqə bizim masaya yaxınlaş” dedim. Onların yanına getdim və stola əyləşdim. Bu zaman Fikrət mənə “sənin ananı tanıyıram, müəllimədir” dedi. Mən yerimdə donub qaldım. Çünki onunla yaxın münasibətim yox idi və Fikrətin bu sualı mənə hansı məqsədlə verdiyini, bu söhbəti niyə açdığını başa düşmədim. Ondan bu söhbətə aydınlıq gətirməsini istəmək istəyəndə, Fikrət ayağa durdu. O, məndən fiziki olaraq 3-4 dəfə böyük idi. Fikrət mənə “səni vuraram cırıq-cırıq olarsan, get ananla, ailənlə məşğul ol” söylədi. Mən də çıxıb getdim.
 

Bu söhbətdən sonra namaz qılmaqla, dini videolara baxmaqla hadisənin dərinliyinə getməməyə çalışdım. Hadisədən bir həftə əvvələ qədər də bu formada başımı qarışdırdım. Fikrətlə bu söhbətdən 10-12 gün keçdi. Mən “Şəhrizad” kafesinin yanından keçirdim. Həmin gün aşbaz kimi işlədiyim başqa kafedə işdən çıxmışdım. Lakin bunu heç kəs bilmirdi. Fikrət məni yolda gördü. Məndən “işdən niyə çıxmısan” deyə soruşdu. Ona işdən çıxmamışam” dedim. Fikrətin mənimlə axrıncı söhbətindən sonra ona heç salam vermək belə istəmədiyim üçün zərərçəkmişin bu sualı verməsinin dərinliyinə getmədən çıxıb getdim. İstər-istəməz Fikrətin mənim işdən çıxdığımı necə bilməsi, onun məni güdməsi barədə şübhələr yarandı. Bu hal mənə psixi baxımdan pis təsir etdi”.
 

Təqsirləndirilən şəxs söyləyib ki, Fikrət Hüseynov aralarından baş verən hadisədən 1,5 ay keçəndən sonra cinayətə əl atıb:
 

“Bu vaxta qədər onu axtarmadım. Lakin sonra elə bir vəziyyət oldu ki, namaz qılmağı dayandırdım və yenidən içki içməyə başladım. Fikrəti vurduğum gündən 15-20 gün qabaq onu axtarırdım. Çünki ondan bu sözlərə aydınlıq gətirməyini istədim. Hər iki kafeyə gedib Fikrəti axtardım, lakin heç kəs onun nömrəsini mənə vermədi. Onlar Fikrətin kafeyə gəlmədiyini bildirərək məni yola verirdilər. Bayram günü, yanvar ayının 31-i idi. Əvvəllər “Yeni məkan” kimi fəaliyyət göstərən kafe artıq “144” kafesi oldu. Həmin gün bayramlaşmaq üçün kafeyə getdim. İçəridə 3-4 nəfər adam var idi, divanda oturdum. Kafenin müdiri olan qadın, onun anası və bir neçə xanım digər masada əyləşmişlər. Kafenin idarəçisi məni öz bayram süfrəsinə dəvət etdi. Mən də onların stoluna əyləşdim. Bundan 15-20 dəqiqə sonra Fikrət kafeyə gələrək bizim masada əyləşdi və söhbət etməyə başladı. Masada umumi söhbətlər danışılırdı. Mən onun yaxasından tutaraq yuxarı qaldırdım. Fikrətin bu hərəkəti və bundan əlavə əvvəllər anam barəsində kinayə ilə danışması, onun işdən çıxmağını bilməsi kimi hallar məndə yığılmışdır. Ayağa qalxdım və özümdə deyildim. Mətbəxə daxil oldum. Əslində mən mətbəxə bıçaq götürmək üçün getməmişdim. Mətbəxə daxil olub bir az irəli getdim. Oradan bıçağı gördüm və Fikrəti bir dəfə bıçaqla vurdum. O, ayağa qalxdı və əlini arxa tərəfə atdı. Bu vaxt onun əli bıçağa dəydi. Orada olan şəxslər səs-küy saldılar. Mən də kafedən çölə çıxdım. Daha sonra məhəlləyə getdim. Fikrətə ağır xəsarət yetirdiyimi düşünmədiyim üçün polis əməkdaşlarının mənə zəng edəcəyini gözləmirdim. Hadisədən 15-20 dəqiqə sonra polis əməkdaşları mənə zəng edərək harada olduğumu soruşdu. Onlara məhəllədə olduğumu bildirdim. Polislər ondan binanın qarşısına gəlməyimi istədilər. Mən də binanın qarşısına keçib təslim oldum.

 

Mən Fikrətdən anam barəsində belə cümlə işlətməsinə aydınlıq gətirməsini istəyəndə o, mənə imkan vermədi, ayağa qalxaraq “vuraram, cırıq-cırıq olarsan” demişdi. Fikrətin anam barəsində kinayə ilə danışması, məni yaxamdan tutub qaldırmasını özü üçün təhqir kimi qəbul etdim. Fikrəti vuranda niyyəti onu öldürmək deyildim”.


Qeyd: Rəsmi məlumata əsasən, ötən il dekabrın 31-də saat 22 radələrində Binəqədi rayonu Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Cavid Atəşzadənin münaqişə zəminində Fikrət Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.


Məhkəmənin hökmünə əsasən, Cavid Ataşzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 15 Avqust 2022, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin