BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: “Azərbaycanda çörəyin ya qiyməti qalxacaq, ya da…”

Milli Məclisin deputatı Vahid Əhmədov Gundem.az-ın suallarını  cavablandırıb.

 

Müsahibəni təqdim edirik.

 

-Vahid müəllim, Azərbaycanda bəzi bölgələrdə un qıtlığı müşahidə olunur. Hətta bəzi böyük dəyirmanların buğda olmadığı üçün işləmədiyi də qeyd olunur. Əhali isə qıtlığın daha da artacağından və qiymətlərin bahalaşacağından ehtiyat edir. Həm millət vəkili, həm də iqtisadçı kimi məsələyə münasibətinizi bilmək maraqlı olardı?

 

- Əhalinin narahatlığını başa düşürəm. Çörək bizim üçün əsas qidadır. Bütün dünyada taxıl böhranı var. Azərbaycan ərzaqlıq buğdanın təxminən 40 faizini idxal edir. Əsasən Rusiya, Qazaxıstan və Ukraynadan taxıl alırdıq. Dünyadakı qida çatışmazlığı fonunda Rusiya və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyub. Ukraynada isə müharibədir. Azərbaycan hər il 1,3 milyon tona qədər buğda idxal edir. Un üçün yararlı olan buğdanın isə böyük hissəsini xaricdən alırıq. Dünyada elə ölkələr var ki, onlar tamamilə xarici buğdadan asılıdırlar. Ona görə də Türkiyənin təşəbbüsü ilə Ukrayna taxılının dünya bazarına çıxarılması təmin edildi. Bununla Türkiyə bir sıra ölkələri, o cümlədən Afrika ölkələrini aclıqdan xilas etdi. Ukraynada anbarlarda 20 milyon tona yaxın buğda var idi ki, dünya bazarına çıxarıla bilmirdi. İndi bu məsələ həll edildi və qlobal qida təhlükəsi müəyyən qədər aradan qaldırıldı. Amma böhran hələ də qalmaqdadır. Azərbaycana yaxın olan Pakistan dövləti bizə öz taxılını təklif edib. Mənim aldığım məlumata görə, kifayət qədər ehtiyatımız var. Məsələ, dövlət başçısının nəzarətindədir. Düzdür, qiymət artımı var və bu gözləniləndir.

 

- Demək olarmı ki, dünyada taxıl böhranının əsas səbəbi Rusiya, Qazaxıstan və Ukrayna taxılının ixracındakı məhdudiyyətlərdir?

 

- Təbii ki, bu faktorlar təsir edib. Amma dünyada iqlim quraqlığı var. Əsas odur ki, bizim pulumuz var və istənilən dövlətdən taxıl alıb gətirə bilərik. Yəqin ki, hökumət alternativ variantlardan istifadə edəcək. Amma bir daha təkrar edirəm, qıtlıq qiymətlərə təsir edəcək. Çörəyin ya qiymətində, ya da çəkisində dəyişiklik olacaq.

 

- Azərbaycanda ərzaqlıq buğda ilə bağlı yeni subsidiya proqramı açıqlanıb. Subsidiyaların yeni qayda ilə tətbiqi ölkədə buğda istehsalına necə təsir göstərəcək?

 

- Yeni subsidiya proqramı iri taxıl istehsalçıları üçün sərfəli olacaq. Yeni qaydaya əsasən ərzaqlı buğda sahələri yeni suvarma sistemlərilə təchiz edilməli, keyfiyyətli toxumdan istifadə edilməklə və yüksək aqro-texniki qulluqla becərilməlidir. Hədəf ölkənin ərzaqlıq buğdaya olan təlabatının 80 faizə qədərinin daxili imkanlar hesabına ödənilməsidir. Bu gələcəyin işidir. Amma hazırda faktiki olaraq idxaldan asılıyıq.

 

- Qeyd etdiniz ki, Azərbaycanda çörək birinci dərəcəli qida hesab olunur. Amma bizdə israfçılığa da çox yol verilir. Bunun qarşısını necə almaq olar?

 

- Biz çörəyi çox yeyən xalqıq. Əslində bütün dünyada undan çox istifadə olunur. Bəzi ölkələrdə bu, makaron, şirniyyat şəklində istehlak olunur, bəzi ölkələrdə isə çörək. Biz çörəyə üstünlük veririk. Doğru dediniz ki, biz israfçılığa çox yer veririk. Məsələn, toylarda nə qədər çörək və digər un məmulatları  masanın üzərində qalır. Qıtlıqla bağlı ölkə başçısı İlham Əliyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov da əhaliyə xəbərdarlıq edib. Yəni biz qida böhranına hazır olmalıyıq. İndidən kəmərlərimizi bərkitməliyik.

 

- İndi Azərbaycanın əraziləri də genişlənib. Qarabağın əkinə yararlı sahələrindən istifadə edirik. Məntiqlə, taxıl istehsalı böyük həcmdə artmalı idi…

 

- Qarabağda əkinçiliklə bağlı böyük işlər görülür. Orada problem yoxdur. Amma orada əkilən taxıl Azərbaycanı təmin edə bilmir.

 

- Maraqlıdır ki, ərazisi Azərbaycandan da kiçik ölkələr var ki, orada daha çox taxıl istehsal olunur, nəinki bizdə. Nə üçün Azərbaycanda taxılla bağlı məhsuldarlıq hələ də problem olaraq qalır?

 

- Bizim əsas problemimiz hektardan əldə etdiyimiz taxılın həcminin azılığıdır. Hektardan 20-25 sentner taxıl götürmək, çox zəif göstəricidir. Biz bunu minimum 35 sentnerə çatdırmalıyıq. İndi Azərbaycanda elə yerlər var ki, orada hektardan 35-40 sentner taxıl götürülür. Bu işlər gedir. Qabaqcıl texnologiyalar Azərbaycana gətirilir. Taxıl məsələsi dövlətin daim diqqət mərkəzində olmalıdır. Son vaxtlar ölkədə əkin sahələri artıb. İnsanlar maraqlıdır ki, əksinlər. Arpa, yonca, buğda, qarğıdalı və s. taxıl məhsulları əkilir. Həm dövlətdən subsidiya alırlar, həm də şəxsi təsərrüfatlarında istifadə edirlər, artıq qalanı satırlar və s. Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük yük düşür. Təbii ki, nazirlik işləməsə, məhsuldarlıq da olmayacaq.

Tarix: 16 Avqust 2022, 14:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin