BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Şəxs konkret cinayət əməlinə görə həbs edilib, cəzasını çəkir, belə olan halda pensiyası da kəsilsin?”

“Azərbaycan hüquqi dövlətdir. Ona görə də korrupsiyada ittiham olunan məmurların pensiya almaq hüququndan məhrum edilməsi məsələsi hüquqi baxımdan tənzimlənməlidir. Şəxs konkret cinayət əməlinə görə həbs edilib, cəzasını çəkir. Belə olan halda həm də onun pensiyası kəsilsin? Mən hüquqşünas deyiləm, amma hesab edirəm, tələsik qərarlar qəbul etmək olmaz. Hüquqi dövlətin mahiyyətindən, fəlsəfəsindən irəli gələn qərarlar qəbul edilməlidir. Biz sivil dünyanın tərkib hissəsiyik. Hüquqi dövlət qurmuşuq və bu proses gedir. Demokratik inkişaf yolunu seçmiş dövlətik. Hesab edirəm, demokratik dövlətlərdə bu halda hansı addımlar atılırsa, biz də demokratik dünyanın tərkib hissəsi olaraq o cür anoloji addımları atmalıyıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, cənab Prezident İlham Əliyev rüşvətə və korrupsiyaya qarşı sözün həqiqi mənasında müharibə elan edib: “Yüksək məmur vəzifəsinə təyinatı həyata keçirərkən, xüsusilə də icra başçılarını bu vəzifəyə göndərərkən cənab Prezidentin birinci tövsiyəsi ondan ibarətdir ki, gedin, xalqa ləyaqətlə xidmət edin, xalqın ləyaqətli xidmətçisi olun, xalqın içərisində olun, problemlərini həll edin, sevgisini qazanın. Belə məmurları karyera yüksəlişi gözləyir. Cənab Prezident söyləyir ki, mən özüm xalqın bir nömrəli xidmətçisiyəm. Dövlət başçısı özü bir örnəkdir, onun fəaliyyəti nümunədir. Əks yolu seçənlər, rüşvət və korrupsiyaya bulaşmış, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan məmurlar çox sərt cəzalandırılır. 7-8 icra başçısı həbs edilib. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən də həbs edilənlər olub, işdən çıxarılıb. Bunların hamısı bir nümunədir. Anoloji yolu seçmiş məmurlar bilsinlər ki, eyni aqibət onları da gözləyir...”

 

Aytəkin Qardaşova

Tarix: 16 Avqust 2022, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin