BURADA REKLAMINIZ OLA
BİLƏR

Məlahət İbrahimqızı: “Sosial şəbəkələrə nəzarət, filtir mexanizmi düşünülməlidir”

“Sosial şəbəkələrin fəaliyyətindəki şər, böhtan, şantaj və qarayaxma kampaniyası bu gün çox aktual müzakirə mövzusudur. Çünki burada artıq “qırmızı xətt”, daha doğrusu, müqəddəs, milli dəyərlər, məhrəmlik, milli təhlükəsizlik anlayışlarına qara şüşə ilə baxılır. Heç bir mənəvi dəyər, xəbərin doğru, ya yanlış olması, şantaj, böhtan, yalan nəzərə alınmır və ya normaya çevrilir. Sanki kim nə istəyir, onu etməkdə haqlıdır. Vaxtilə bizdə belə bir ifadə var idi: “sarı mətbuat”. Sanki, təhqir, yalan, böhtan və şantaj üzrə yarış başlayıb və ya müsabiqədir. Kim təhqiri hansı formada istəyir, yazırdı. Doğrudan da, elm, texnologiyanın inkişafı, internetin kəşfi və sosial şəbəkələrin qurulması çox böyük nailiyyət idi. Mütərəqqi insanlar düşünürdülər ki, bu nailiyyətdən cəmiyyətin, insanların, ölkənin xeyrinə istifadə olunacaq. Təəssüf ki, bu gün şər qüvvələr xeyri üstələyib. Böhtan, qarayaxma qrupu, xüsusilə “5-ci kolon”, ayrı-ayrı ölkələrin, o cümlədən bizim ölkədə xaricdən dəstəklənən daxili qüvvələr məqsədyönlü hücum planı yerinə yetirir. Ona görə də hansısa formada sosial şəbəkələrdakı bu fəaliyyətlə bağlı nəzarət, filtir mexanizmi düşünülməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, son illər bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-da sosial şəbəkələrə nəzarətlə bağlı rəsmi dövlət orqanları fəaliyyət göstərir: “Hətta ABŞ-da belə bu məsələlər ciddi tənzimlənir. Halbuki bütün dünyaya demokratiyanı ABŞ “ixrac” edir. Hətta Ölkənin prezidenti, toxunulmaz statusuna sahib adamın sosial şəbəkələrdə səhifələri bağlanır. Əlbəttə, dövlətin, millətin milli maraqları və milli təhlükəsizliyi hər şeydən ucadır. Eləcə də həmin ölkədə yaşayan əhalinin, hər bir vətəndaşın hüquqlarının qorunması əsas qanun olan Konstitusiyada təsbit olunub.  Demək olar ki, bütün ölkələrdə belədir. Azərbaycan Konstitusiyasına görə, insanın şərəf və ləyaqəti toxunulmazdır, təhqir cinayət sayılır. Başqalarını təhqir etmək, şərəf və ləyaqətini alçaltmaq, bir xalqın əsrlər boyu göz bəbəyi kimi qoruyub-saxladığı, nəsillərə ötürdüyü milli-mənəvi dəyərlərə, əxlaq kodeksinə təcavüz etmək, dağıtmaq söz azadlığı demək deyil. Hesab edirəm ki, xalqımızın çoxəsrlik tarixə malik milli-mənəvi dəyərlərinin qorunması da konstitusion norma və prinsipdir”.

 

M.İbrahimqızı deyib ki, milli-mənəvi dəyərlər əsrlər boyu xalqın milli kimliyini şərtləndirən amillərdən biridir: “Biz XXI əsrdə zəfər qazanmış güclü xalqıq. Azərbaycan xalqının gücü həm də onun zəngin və möhkəm milli-mənəvi dəyərlərə sahib olmasından qaynaqlanır. Xalqımız üçün torpaq, vətən, ana, ailə dəyərləri çox müqəddəsdir. Təəssüf ki, xaricdən dəyərlərimizi korlayan, assimilyasiyaya, korroziyaya uğradan müxtəlif ideoloji dəyərlər Azərbaycanın da sosial şəbəkə seqmentinə hansısa formada “idxal” olunur. Bu, əsrlər boyu formalaşdırdığımız milli dəyərlərimizə təcavüzdür. Müvafiq dövlət qurumları bu haqda düşünməlidir. Sosial şəbəkələrdə hansısa formada nəzarət, filtir, adı nə olursa olsun, tənzimləmə olmalıdır. Bilirsiniz, bu cür problemlərə qarşı mübarizədə ictimai qınaq və ya nəzarət uğurlu olmur. Milli təhlükəsizlik, vətəndaşın şərəf və ləyaqətinin qorunması dövlətin vəzifə borcudur. Qardaş Türkiyədə bu yaxınlarda Dezinformasiyalarla Mübarizə Mərkəzi yaratdılar. Bu Mərkəz sosial şəbəkələrlə bağlı sadaladığımız neqativlərə qarşı mübarizə aparacaq. Həm xalqımızın milli dəyərlərinə qarşı, həm milli təhlükəsizliyimizə, dövlətçiliyimizə qarşı ciddi təhlükələr var. Möhtərəm cənab Prezidentimiz də çıxışlarında dəfələrlə qeyd edir ki, Azərbaycan xalqı dünyada internetdən ən çox istifadə edən xalqlardan biridir. Ən ucqar bölgələrimizdə belə, insanlar internet vasitəsilə istədikləri işi görə bilirlər. Amma o demək deyil ki, bu imkanlar milli təhlükəsizliyimizə qarşı təhlükə və ya cəmiyyətdə xaos yaratmağa xidmət etsin. Dövlətimiz güclənir, amma təəssüf ki, ildən-ilə sosial şəbəkələrdə, virtual məkanda qlobal təhlükə artır. Bu gün bu problemin həlli artıq zərurətə çevrilib və günün tələbidir. Hesab edirəm ki, bizim ölkədə də dünyadakı mövcud praktikadan istifadə edilərək bu problemlə mübarizə üçün ayrıca bir qurum yaradılacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Avqust 2022, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin