BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçid olmayan yerdən uşaqla keçmək olduqca təhlükəlidir, belə hallara sərt sanksiyalar tətbiq edilməlidir - Deputat

“Hesab edirəm ki, İnzibati Xətalar və Cinayət Məcəllələrində yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi əleyhinə olan əməllərə baxışda müəyən dəyişikliklərə ehtiyac var. İlk növbədə, piyadaların məsuliyyəti məsələsi və müəyyən edilmiş sanksiyalar daha təsirli, tənbeh və cəzanın məqsədləri isə daha da uyğun olmalı və ağlabatanlıq prinsipi gözlənməlidir. Habelə, piyadalara yönəlik mövcud normalar ölü norma olmaqdan çıxmalı, yəni güzəştsiz tətbiq olunmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, cəza, yaxud inzibati tənbeh təhdidi yalnız hüququn aliliyi və humanizm prinsipləri arasında balansı qorumaq şərti ilə güzəştsizlik mühitində ciddi qəbul edilərək effekt verir: “Piyadalara münasibətdə olan bəzi əməllərə, məsələn, İnzibati Xətalar Məcəlləsinin 338.1-ci maddəsində nəzərdə tutulan, piyada işıqforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsi, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə və s. kimi əməllərə texniki yanaşmamalıyıq. Belə ki, fəaliyyət qabiliyyətli bir piyada qeyd olunan əməlləri yanında olan uşaqla birgə törədirsə, yəni uşağın əlindən tutub  yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçirsə, bu adam həm özünü, həm də uşağı təhlükəyə atır, eyni zamanda o uşaq üçün çox pis örnək aşılayır. Bu mənada başqasının həyatını təhlükəyə atma, yaxud uşaq üçün aşkar pis örnək təbliği kimi xoşagəlməz hallara ayrıca hüquqi qiymət verilməli və kifayət qədər sərt sanksiyalar tətbiq olunmalıdır. Bundan başqa, qanunvericilikdə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozuntusuna görə alkoqoldan istifadə ilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması arasında fərq qoyulmur. Yəni nəqliyyat vasitəsini dayandıran polis nəfəri narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslə təsadüfən 100 qram spritli içki qəbul etmiş şəxs arasında hüquqi fərq müəyyən edə bilmir. Çünki qanunla nəzərdə tutulmuş sanksiyaları eynidir. Bu mənada, İnzibati Xətalar Məcəlləsidəki 333-cü və Cinayət Məcəlləsinin 263-1 maddələrinin sanksiyalarını yalnız alkoqol təsirində nəqliyyat vasitəsini idarə edən şəxs üçün tətbiqini saxlamalı, narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edənə isə fərqli cəza və tənbeh tətbiq olunmalıdır. Nəzərinizə çatdırım ki, qeyd etdiyim istiqamətdə təkliflər artıq qanun layihəsi kimi hazırlanıb və yaxın vaxtlarda tərəfimdən Milli Məclisin aparatına təqdim olunacaq”.

 

Leyla Yusubova

Tarix: 19 Avqust 2022, 08:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin