BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnur Rüstəmov: “Azərbaycanda gender bərabərliyi ən yüksək səviyyədə qorunur”

“Fövqəladə Hallar Nazirliyində baş verən hadisə cəmiyyətdə çox böyük psixoloji gərginlik yaratdı. Söhbət insanlarası münasibətlərdən, yəni kişi və qadın münasibətlərindən, eləcə də ailə münasibətlərindən gedir. Hadisə qeyd olunanların hər birinə müəyyən dərəcədə təsirini göstərdi. Bu, heç bir mənəvi dəyərə, mənəvi kriteriyaya sığmayan bir davranış idi. Şübhəsiz ki, insanlar bundan dolayı böyük psixoloji sarsıntı keçirdilər. Əlbəttə, burada təqsirkar olan şəxs hüquqi müstəvidə lazımi cəzasını alacaq, ancaq bu məsələdə tələsik ümumiləşdirmə aparmaq doğru deyil. Söhbət bir fərddən gedir. Bu fərd hansısa qurumunu təmsil edirsə, bu, o demək deyil ki, onun davranışına görə həmin qurumun, orada çalışan insanların fəaliyyəti, eləcə də onların davranışı şübhə altına alınsın. Çünki o qurumda işinin peşəkarı və çalışdığı sahədə insanlara faydalı olan kifayət qədər əməkdaş var. Ümumiləşdirmə aparmaq doğru deyil. Əlbəttə, törədilən hərəkətlər cəmiyyət tərəfindən böyük qınaqla qarşılandı, belə də olmalı idi”.

 

Bunu Pravda.az-a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

 

E.Rüstəmov həmçinin Azərbaycanda qadınların vəzifələrdə yer alması məsələsinə də toxunub: “Azərbaycanda kifayət qədər irəli çəkilən qadınlar var. Onlar istər qanunverici orqanda, istər icra orqanlarında, istərsə də məhkəmə-hüquq orqanlarında fəaliyyət göstərir və işlərini layiqincə yerinə yetirirlər. Dövlət və özəl qurumlarda xanımlara da səlahiyyətlər verilir, işlərinin öhdəsindən məsuliyyətlə gəlirlər. Təbii ki, bu proseslər mərhələli şəkildə baş verir. Yəni 10 il bundan əvvəlki vaxtla indiki zamanı müqayisə etsək, bu istiqamətdə nə qədər irəlilədiyimizi görə bilərik. Xaricdə təhsil alan kifayət qədər qızlarımız var. Azərbaycanda elm istiqamətində irəliləyən və özünü inkişaf etdirən xanımlarımız var. Düşünürəm ki, Azərbaycanda gender bərabərliyi ən yüksək səviyyədə qorunur və bunun gələcəkdə də qorunub-saxlanması istiqamətində həm qanuni baxımdan, həm də hüquqi baxımdan işlər aparılır”.

 

Leyla Yusubova

Tarix: 20 Avqust 2022, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin