BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilər unutmasınlar ki, “dəmir yumruq” hər zaman hazırdır, hər bir təxribatın qarşısını qətiyyətlə alacağıq” - RƏY

Təcavüzkar Ermənistan müxtəlif dövrlərdə, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əleyhinə terror və təxribat hərəkətlərinə yol verməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü tədbirlər Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu, həm erməni vandalizminin ifşası, həm də ermənipərəst dairələrin qarayaxma kampaniyasının iflasa uğradılması üçün olduqca vacibdir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Pravda.az-a bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq və rəşadət nümayiş etdirərək torpaqlarımızı düşməndən azad edib:

“Tarixdə son üç yüzillikdə ilk dəfə Azərbaycan torpaq itirmədi, geri qaytardı. İllər sonra xalqımız bu qələbənin əzəmətindən və böyüklüyündən danışacaq. Bu gün qələbəmizi möhkəmləndiririk, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Artıq “güclü Ermənistan” mifi yoxdur. Bu gün Ermənistan ciddi ruh düşkünlüyü və gərginlik yaşayır. Azərbaycan xalqı hər zaman humanist olub. Müharibə dövründə Ermənistanın heç bir mülkü obyektini hədəf almadıq. Lakin həmişə ərazilərimiz, eyni zamanda Laçın, bu gün Ermənistan tərəfindən barbarcasına, vəhşicəsinə talanır. Avqustun sonunadək Azərbaycan ermənilərə vaxt verdi, növbəti dəfə humanistlik nümayiş etdirdi. Təəssüf ki, ermənilər bu müddətdə də ərazilərimizdə vəhşilik törədib, dağıtdılar. Bu gün qarşımızda duran ən mühüm və ciddi məsələlərdən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıması, erməni vəhşiliyinin ifşasıdır. Laçın məsələsində də ikili standartları görürük. Laçında qeyri-qanuni məskunlaşan ermənilərin buranı tərk etməsini faciə kimi qələmə verməyə çalışan media ünsürləri ermənilərin vəhşiliyinə, barbarlığına heç bir reaksiya vermir. Heç bir beynəlxalq təşkilat, dövlət Ermənistanın ekologiyaya, dünyaya vurduğu ziyanla bağlı müzakirə aparmır. Azərbaycanın mövqeyi prinsipial, qətiyyətlidir. Qarşımızda mühüm vəzifələr durur. Təmkinlə, səbirlə prosesin sona çatması üçün çalışmalıyıq. Çünki Ermənistan yenidən Azərbaycanı dünyaya münaqişə tərəfi kimi təqdim etməyə can atır, Azərbaycanı yenidən qınaq hədəfinə çevirmək istəyir. Ona görə üzərimizdə çox ciddi vəzifələr dayanır. Çalışmalıyıq ki, birliyimizi, həmrəyliyimizi qoruyaq, eləcə də üzərimizə düşən vəzifələrin öhdəsindən gəlinməsi istiqamətində səylərimizi və addımlarımızı davam etdirək. Bölgəyə sülh, əminamanlıq gəlməli, bölgə inkişaf etməlidir. Bunun üçün də Azərbaycan bütün addımları atır. Erməni tərəfi bilməlidir ki, törətdiyi bütün vəhşiliklərə görə cavab verəcək. Azərbaycan mütləq bu vəhşiliklərin hesabatını Ermənsitandan tələb edəcək. Yaxşı olardı ki, ermənilər ərazilərimizi tərk edərkən bu vəhşilikləri, barbarlıqları törətməsinlər. Unutmasınlar ki, “dəmir yumruq” hər zaman hazırdır. Onların hər bir təxribatının qarşısını qətiyyətlə alacağıq”.

 

Politoloq İlyas Hüseynov isə deyib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədən sonra regionda yeni geosiyasi konfiqurasiya formalaşıb:

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO -

“Qardaş Türkiyənin regionda rolu və mövqeyi daha da güclənib. Bu da Türkiyə-Azərbaycan strateji müttəfiqlik münasibətlərinin əyani göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, Vətən Müharibəsindən sonra 2021-ci ilin 15 iyununda işğaldan azad olunmuş Şuşa şəhərində Türkiyə-Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında Bəyannamə ikitərəfli münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldırır. Eyni zamanda Ermənistanın sülhə və təhlükəsizliyə vurduğu zərbə, hələ də üçtərəfli birgə bəyanata riayət etməməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası, yekun sülh müqaviləsinin imzalanması istiqamətində qəti və tutarlı addımlar atmadığının şahidi oluruq. Bu xüsusda, 4-cü maddənin imprimitasiya olunmaması regionun təhlükəsizlik aspektinə də böyük zərbə vurur. Belə ki, regionda hələ də erməni terrorçuları və Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalır. Onlar üçtərəfli birgə bəyanata görə, regionu tərk etməli idilər. Regionun hərbsizləşdirilməməsi böyük çətinliklər formalaşdırır. Azərbaycan üçtərəfli birgə bəyanatın maddələrinin icra olunması istiqamətində qəti, ardıcıl və prinsipial addımlar atır. 6-cı maddəyə əsasən, Laçın şəhərinin mərkəzi Azərbaycana təhvil verilməlidir və alternativ yolda Rusiya sülhməramlıları dislokasiya olunmalıdır. Bu yolun eni 5 kilometr müəyyənləşdirilib. 3 il ərzində bu məsələnin həlli təsbit olunsa da, Azərbaycan cəmi il yarım ərzində alternativ yolu dünya standartlarına uyğun şəkildə inşa etdi. Hazırda Laçının Zabux, Sus və Laçın şəhərinin mərkəzi azad olunmalıdır. Bu proses davam etdirilir. Avqustun sonunadək prosesin yekunlaşması həyata keçiriləcək. Lakin ermənilər 1 il yarım öncə üçtərəfli birgə bəyanat imzalananda olduğu kimi, tərk etdikləri yerlərə od vurur, təbiəti yandırırlar. Flora və fauna, biomüxtəliflik erməni vandalizmindən əziyyət çəkir. Bu, Azərbaycanın meşə fondunun da tükənməsinə gətirib çıxarır. Ermənilər tərəfindən ekosistemin məhvinə yönəlik mənfur plan işə salınıb. Bu, tamamilə qəbuledilməzdir, erməni xəstə ideologiyasının təzahürüdür”.

 

Politoloq vurğulayıb ki, türklərə qarşı patoloji nifrətlə böyümək, tərbiyə almaq nəticədə bu cür acı fəsadlara gətirib çıxarır: “Azərbaycan beynəlxalq auditoriyaya erməni cinayətlərinin çatdırılması işini daha genişmiqyaslı şəkildə həyata keçirməlidir. Bunun üçün kifayət qədər arqumentlər var. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə də təsbit olunur ki, ermənilər evləri boşaltdıqdan sonra azərbaycanlıların evlərinə od vurub yandıraraq özlərini göstərməyə çalışırlar. Ona görə də erməni terrorunu, barbarlığını və vandalizmini bütün dünyaya ifşa etmək üçün tutarlı faktlar var və bu faktlardan maksimum dərəcədə istifadə etmək lazımdır. Azərbaycan hazırkı dönəmdə hücum diplomatiyası istiqamətində fəaliyyət göstərməlidir ki, istənilən neqativ addımların qarşısı alınsın. Preventiv tədbirlərlə ölkəmizin nüfuzu daha da gücləndirilsin. Hazırda informasiya müharibəsinin iştirakçılarıyıq. Bu, müharibədə hər kəsin üzərinə mühüm vəzifə düşür. Erməni barbarlığını ifşa etmək hər bir vətəndaşın vəzifəsidir. Yalnız birliyimizlə, həmrəyliyimizlə erməni vandallığının, barbarlığının  ifşa edilməsinə nail ola bilərik. Xarici siyasət, diplomatiya sahəsində də beynəlxalaq hüquqa uyğun tədbirlərin həyata keçirilməsi, Cenevrə Konvensiyası və onun əlavə protokollarının Ermənistan tərəfindən pozulması, qeyri-qanuni məskunlaşma siyasətinin həyata keçirilməsi və üçtərəfli bəyanata uyğun addımlar atılarkən erməni vəhşiliyi bütün dünyaya bəyan olunmalıdır”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 20 Avqust 2022, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin