BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Meyxananı qadağan etmək olmaz, stimullaşdırıb müsbət tərəflərini inkişaf etdirmək lazımdır”

“Hələ uşaq olarkən Ağasəlimin “zimbala” meyxanası ilə tanış olmuşdum. Hətta indi də əzbər bilirəm. Meyxanada ictimai motivlər həmişə olub. Keçmişdə insanlar hökumətin cəzasından qorxaraq meyxanada yığışıb musiqi aləti olmadığına görə birlikdə çırtma çalmaqla şeirlər deyib, bədahətən sözlər qoşublar. Meyxana adı da, yəqin, elə buradan yaranıb. Bu danılmazdır ki, meyxanada spirtli içkilərin və narkotikin qəbulu həmişə üstün mövqedə olub. Bunu gizlətmək lazım deyil. Ancaq hesab edirəm ki, bu bir yaradıcılıq janrıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin depuatı Tahir Kərimli deyib.

 

“Bu yaxınlarda Özbəkistanda yüzlərlə bəlkə də minlərlə sayı olan kütlənin Azərbaycan meyxanasını necə alqışladığını və sözləri təkrarladıqlarını gördüm. Açıq şəkildə desək, indi narkotik və təbliği harada yoxdur ki? Xarici filmlərdə zorakılıq və narkotikin təbliği çox geniş yayılıb. Bu, hətta indi bizimkilərin çəkdiyi plagiat televiziya filmlərində də var. Elə meyxanada da bu var. Ona görə də bununla bağlı ilk növbədə narkotikin istifadəsi üçün şərait yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Məsələn, bununla bağlı meyxana deyəni, təbliğat aparanı cəzalandırmaq lazımdır. Digərlərini deyil... Meyxana xalq janrıdır və camaat bundan istifadə edir. Bəzi bölgələrimizdə bu janr hədsiz dərəcədə çox yayılıb. Ona görə də meyxananı insanların, cəmiyyətin, insanlıq və ədalətin, xeyirxahlığın nəfinə qoşulması üçün stimullaşdırmaq lazımdır. Çünki bunu deyən insanlar istedadlıdırlar və bu sözləri bədahətən deyə bilirlər. Meyxanalarda elm, təhsil, insanlara öyüd, nəsihət daha çox təbliğ olunmalıdır. Bu janrı heç cür qadağan etmək olmaz. Ümumiyyətlə, mümkün də deyil. Meyxananı stimullaşdırıb, müsbət tərəflərini daha da inkişaf etdirmək lazımdır.”, - deyə T.Kərimli əlavə edib.

 

Leyla Yusubova

Tarix: 20 Avqust 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin