BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Müslüm Maqomayevin heykəli normaldır, nə qoysan, onsuz da insanlar problem axtaracaqlar”

“Hesab edirəm ki, dünyaşöhrətli müğənni Müslüm Maqomayevə Azərbaycanda kifayət qədər dəyər verilir. Bu, dövlət rəhbərliyi səviyyəsində də dəfələrlə ifadə olunub. Sözün açığı, məni Azərbaycanda maraqlandıran ilk növbədə Nuru Paşanın heykəlidir. Onun heykəli Azərbaycanın möhtəşəm yerində qoyulmalıdır. Çünki o, Azərbaycan xalqını xilas edən böyük şəxsiyyətdir. Biz əsas bunun üzərində düşünməliyik. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin heykəlini müzakirə etməliyik. Müslüm Maqomayevə heykəl qoyulub, normal heykəldir. Nə qoysan, onsuz da insanlar hamısında bir problem axtaracaqlar. Çünki sənətdə əsas zövq məsələsi önə çıxır. Hamıya eyni zövqü qəbul etdirmək mümkün deyil”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Fazil Mustafa dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin Bakının Dənizkənarı Milli Parkında ucaldılan abidəsi barədə səslənən tənqidlərə münasibət bildirərkən deyib.

 

Deputat qeyd edib ki, Maqomayevin heykəlində  hansısa estetik bir natarazlıq görmür: “Ona yaxşı, ya pis, ən azından dəyər verilib. Amma Azərbaycanın Maqomayevdən də böyük dəyərləri var. Məhəmməd Əmin Rəsulzadə, Topçubaşov, Nuru Paşa... Onların heykəlləri Bakıda ucaldılmalıdır. Çünki bu millət yaşamasaydı, bu millətin dövləti qurulmasaydı, Müslüm Maqomayev, ya başqa Müslümlər olacaqdımı? Bakının mərkəzində Üzeyir bəyin heykəli var. Üzeyir bəy böyük şəxsiyyətimizdir, çox az adam Azərbaycan xalqına onun qədər xidmət edib. Amma Üzeyir bəy masştabında olan bir çox düşüncə adamlarının heykəli yoxdur. Niyə Bakıda Əhməd bəy Ağaoğlunun heykəli olmasın? Ən böyük mütəfəkkirimizdir. Şuşada Əhməd bəyin ev muzeyini bərpa etmək çox gözəl olardı. Xalq öz mütəfəkkirinə daha çox diqqət yetirər. Təbii ki, musiqiçi də, musiqimizi dünyaya tanıdan insanlar da önəmlidir. Amma tanıtmaq təkcə səslə olmur ki... Bir ölkəni tanıtmaqda düşüncə, fikir də önəmlidir. Bu gün Fransanı kiminlə tanıyırıq? Mən Fransanı müğənnisi ilə tanımıram. Co Dassen hardasa yadıma düşər, düşməz. Fransanı mənə tanıdan Volter, Didro, Russodur. Bunu qabardanda millət böyük olur. Almaniyanı Höte, Hegel, Tomas Mannla tanıyırıq”.

 

Fazil Mustafa deyib ki, düşüncə adamlarının, demək olar, heç birinə ciddi dəyər verilməyib: “Bakıda Bəhram Gura abidə qoyan və onu sovet dövründən Bakının simvoluna çevirən zehniyyət dəyişməyib. Bizə Bəhram Gurun heykəli lazımdır? Bəhram Gur bütün savaşını türklərə qarşı aparıb, türkcəyə də nifrət edib, türklərin məhv olması üçün çalışıb. Bakıda heykəlini qoymuşuq, Nizaminin əsərinin qəhrəmanı kimi... Yaxşı, heykəl qoyuruqsa, Bakını xilas edən, ölkəni erməni-daşnak, rus-bolşevik gücündən qurtaran, Azərbaycana dövlət qurmaq üçün Bakını paytaxta çevirən böyük bir şəxsiyyətə niyə abidə qoymuruq? Ona görə də Maqomayevin heykəlinin müzakirə olunması mənə qəribə gəlir. Abidə qoyulub, yaxşı da olar, pis də. Lütfü Zadənin də qəbirüstü abidəsi müzakirə doğurmuşdu. Ən azından hörmət göstərilib, abidə qoyulub. Hörmət göstərilməyənləri müzakirə etməliyik. Cəmiyyət bunun üzərində müzakirə açsa, daha mənalı, məzmunlu müzakirə olardı. Hörmət göstərilməyən dəyərlərimizi daha da hörmətsiz vəziyyətə gətirib çıxarmaq düzgün deyil. Bir xalqın daha çox öz mütəfəkkiri ilə tanınmasının, onun brendə çevrilməsinin tərəfdarıyam. Bu xalqın mütəfəkkirləri Axundov, Mirzə Cəlil, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy və bu kimi şəxsiyyətlərdir. Xalqın xilasedicisi var - Nuru Paşanın qiymətini verməliyik. Məsələn, Murad Gəray bəy Tlexas Bakının general-qubernatoru olub. Bolşeviklər birinci onu güllələyiblər, Bakıda qəfəsdə gəzdiriblər, Azərbaycan dövlətinin qurulmasında önəmli rolu olub. Hanı? Adına küçə varmı? Problem budur. Ona görə də bu unutanlıq, doğma-yad deyə yanaşmalar Azərbaycandan götürülməlidir. Dövlətin mahiyyətinə uyğun şəxsiyyətlərə dəyər verməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Avqust 2022, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin