BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: "Lal", "kar", "kor", "kəmağıllıq" ifadələrinin qanunvericilikdən çıxarılması müsbətə doğru bir santimetr belə, irəliləyiş yaratmayacaq

"Hər hansı məhdudiyyətli, istər əqli, istər eşitmə, istər görmə qüsurlu, istərsə də hərəkətində məhdudiyyətlər olan insanların qanunvericilikdə hansı ifadələrin işlənildiyi barəsində narahat olduqlarını düşünmürəm. İndiki məqamda bu sırf taftologiya, söz oyunudur və sadəcə, iş görmək görüntüsü yaratmaq, yaxud da beynəlxalq standartlara, protokol qaydalarına uyğunlaşdırılmadır".

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Partiya sədri bildirib ki, əlillərə münasibətdə müəyyən ifadələrin qanunvericilikdən çıxarılması əvəzinə, müalicə şəraitlərinin yaxşılaşdırılması, məişət problemlərinin həll olunması, müavinətlərinin artırılması və ya onların sosial həyata qaytarılması ilə bağlı reabilitasiya istiqamətində proqramların həyata keçirilməsi barəsində düşünülsəydi, daha yaxşı olardı: “Bu görüntü yaratmaq, baş qatmaq üçün olan söz oyunudur, başqa mənası yoxdur. Əlbəttə, bu, o demək deyil ki, onlar bu sözləri dəyişməsinlər. Dəyişsinlər sözləri də, ifadələri də, amma ilk növbədə o insanların sağlamlığına və yaşantılarına müsbət mənada təsir edəcək addımlar atsınlar. Bununla bağlı isə müəyyən qanunvericilik aktları qəbul olunmalıdır, eyni zamanda da kifayət qədər maliyyə ayrılmalıdır, çünki onsuz da Azərbaycanda bu kateqoriyaya aid insanlar çoxluq təşkil etmirlər. Amma göründüyü kimi bizdə əsas məqsəd publikaya, ictimaiyyətə oynamaqdır. Bu sözlərin dəyişdirilməsi həmin insanların gündəlik həyatında müsbətə doğru bir santimetr belə irəliləyiş yaratmayacaq".

 

Qeyd: Əlilliyi olan şəxslərə münasibətdə onlarda neqativ hisslər, özünə inamsızlıq yaradan bir sıra vulqar, bayağı, kobud ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib.

 

Bununla bağlı 40-dək qanunvericilik aktında dəyişiklik edilib və həmin dəyişikliklər təsdiqlənib.

 

Belə ki:

 

“lal” sözü - “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə,

 

“kor” sözü - “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə,

 

“kar” sözü - “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə,

 

“kəmağıllıq” sözü – “əqli gerilik” sözləri ilə,

 

“şikəst olan” sözləri - “əlilliyi müəyyən edilmiş” sözləri ilə,

 

“bədən qüsuru” sözləri - “fiziki çatışmazlıq” sözləri ilə,

 

“şikəstlik” sözü - “xəsarət” sözü ilə və s. əvəz edilib.

 

Leyla Yusubova

Tarix: 25 Avqust 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin