BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzu Nağıyev: "ATƏT-in Minsk Qrupunun həmsədrliyinin bərpası məsələsi xülyadır"

"ATƏT-in Minsk Qrupu deyilən bir qurum missiyasını çoxdan başa vurub. Təşkilatın əsas işi deklarativ bəyanatlardan başqa bir şey olmadı. Azərbaycan BMT-nin nizamnaməsi və qanunları çərçivəsində problemini həll etdi. Bu gün ATƏT-in Minsk Qrupunun yenidən ortaya atılması məsələsinin qeyri-ciddi olduğunu düşünürəm. Əsas məqam ondan ibarətdir ki, həm ABŞ-ın, həm Rusiyanın, həm də Fransanın ayrı-ayrılıqda Azərbaycanla ciddi münasibətləri var. Buna görə də ATƏT-in Minsk qrupunu yenidən gündəmə gətirmək, hansısa problemi qabartmaq mənasızdır. Fransa yenidən ATƏT-in Minsk Qrupunun həmsdərliyində təmsil olunacaqsa, bunun Azərbaycan üçün hansı faydası ola bilər? Fransa-Azərbaycan ikili münasibətinin olması bu ölkənin ATƏT-in Minsk Qrupundakı təmsilçiliyindən daha üstündür, eyni şəkildə ABŞ və Rusiya ilə olan münasibətlər də".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat qeyd edib ki, Ukraynada yaşanan hadisələrinə görə ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunan Fransa və ABŞ heç vaxt Rusiya ilə ortaq məxrəcə gələ bilməzlər: “Söhbət sülhün bərqərar olmasından gedir. Hər bir dövlət çalışır ki, bu və ya digər şəkildə qalib Azərbaycana hər hansı tövsiyələrini versin. Biz 10 noyabr bəyanatına uyğun olaraq artıq Qarabağda problemlərimizi özümüz həll edirik. Delimitasiya, demarkasiya prosesi gedir, eyni zamanda sülh sazişinin imzalanması istiqamətində də addımlar atırıq. ATƏT-in Minsk Qrupunun həmsədrliyinin bərpası məsələsi xülyadır və bunu hansısa dövlətin qəbul edəcəyi inandırıcı görünmür. Təbii ki, Ermənistan üçün bu hansısa çıxış yolu ola bilər, çünki onlar istər status məsələsini, istərsə də digər məsələləri qabardaraq onları beynəlxalq səviyyəyə qaldırmaq istəyir. Ancaq bütün bunlar baş tutan deyil, çünki müstəqil dövlət olaraq xarici siyasətimizi özümüz müəyyən edirik. Həm Avropa İttifaqı, həm Rusiya, həm ABŞ, həm də digər dövlətlərlə normal ümumi maraqdan çıxış edən siyasətimiz var".

 

Leyla Yusubova

Tarix: 26 Avqust 2022, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin