BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli Siyavuş Novruzovun seçkilərlə bağlı açıqlamasına etiraz etdi

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli Milli Məclisin deputatı Siyavuş Novruzovun Azərbaycanda 2025-ci ilədək prezident, parlament seçkiləri və referendumla bağlı verdiyi açıqlamasına münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, N.Cəfərli S.Novruzovun “Bizdə seçkilərə nə zərurət var? Zərurət o ölkədə olar ki, ölkə bataqlığın içində çabalayar, seçkilərə gedib çıxış yolu axtararlar. Düz yolun ortasında bunlar nə seçki axtarır, başım çıxmır” sözlərinə etirazını bildirib:

 

“Yəni hörmətli Siyavuş müəllim deyir ki, erkən seçkilər ancaq böhran olan, bataqlıq içində çabalayan ölkələrdə baş verir. Elə onun öz məntiqi ilə belə çıxır ki, 2018-ci ildə erkən prezident, 2020-ci ildə vaxtından əvvəl parlament seçkiləri məmləkətdə ona görə baş verdi ki, ölkədə böhran var idi, Azərbaycan bataqlığın içində çabalayırdı. Yaxşı, əgər Siyavuş müəllimin məntiqi doğrudursa, niyə YAP o zaman məmləkətin batdığını, böhran içində olduğumuzu, erkən seçkilərin məhz buna görə baş verdiyini açıqlamırdı, etiraf etmirdi?! Əslində isə Siyavuş müəllim deyir ki, oturmuşuq da, gül kimi Milli Məclisdir, imkan verin, hələ 3 il də oturaq (işləyək yox ha, məhz oturaq), nədən erkən seçki məsələsini müzakirəyə açırıq ki?! Amma cənab Novruzov dərindən düşünsəydi, özü bilərdi ki, əgər hər iki seçki zamanında olacaqsa, 2025- ci ilin martında parlament, aprelində isə prezident seçkiləri çox təhlükəli qrafikdir, çünki Xənkəndi və ətrafında yerləşən “rusməramlı” qüvvələrin mandatı da məhz 2025-də bitir. Seçki dönəmləri daha əvvəl olmalıdır ki, 2025-də “rusməramlıları” yola salmağa ölkənin siyasi sistemi tam hazır olsun, həm seçki dönəmləri, həm də onların ölkədən çıxarılması eyni zamanda baş versə, Kremlin müxtəlif növ müdaxilələrinə məmləkət açıq hala gələ bilər. Ona görə də, ilk olaraq referendum keçirilərək sistem dəyişməli, parlamnet institutu güclənməlidir ki, sonra da yeni seçkilərlə, əsasən proporsional qaydada formalaşacaq parlament daxili və xarici təzyiqlərdə sığorta rolunu oynaya bilsin. İndiki sistemdə Milli Məclis bu rolu oynaya bilmir...”

 

Aytəkin Qardaşova

 

Tarix: 26 Avqust 2022, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin