BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçın azaddır - Hədəflərimizə daha əzmlə irəliləyirik

“Ermənistan silahlı qüvvələri Şuşanın işğalından sonra Laçının işğal planını həyata keçirməyə başladı və 1992-ci il mayın 18-də “ən böyük arzuları”ndan birinə - Laçının işğalına nail oldu” kəlmələri bu gün tarixin arxivində bir daha açılamamaq üzrə qıfıllandı.

 

“Cənab Ali Baş Komandan, əmrinizə əsasən, Azərbaycanın şanlı Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır və nida” sədası tarixi qələbəmizin növbəti səhifəsini tamamladı. Bu gün bu ifadələr bizi sevənlərin ürəyinə su, gözü götürməyənlərin canına od səpələdi.

Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub - VİDEO

Laçını sevmək üçün elə adı da bəs edir. Gənclər şanlı qələbəmizə qədər Laçını Milli Qəhrəman Çingiz Mustafayevin kadrlarından tanıyıb. Britaniyalı jurnalist Tomas de Vaalın Laçının işğalı ilə bağlı yazdıqlarını oxuyanda hər zaman sarsıntı keçirirdik: “Mayın 16-da erməni ordusu Turşsu kəndini, Kirs və Sarıbaba yüksəkliklərini ələ keçirdilər. Ruhdan düşmüş Azərbaycan qoşunları heç bir müqavimət göstərə bilmədilər. Elbrus Orucov Laçın alayının qərargahına gəldi, ancaq qərargah boş qalmışdı. 16 may 1992-ci ildə qoşunlar Laçından çıxmağa başladı. Jurnalist Çingiz Mustafayev Azərbaycan əsgərlərinin Laçından necə çıxdıqlarını lentə alaraq televiziyada göstərdi. Jurnalist tanklarda və piyadaların döyüş maşınlarında qaçan əsgərlərdən ərazini tərk etməmələrini xahiş edir...”

 

O vaxtlar hakimiyyət davası Laçının və digər torpaqlarımızın itirilməsi ilə nəticələndi.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz o kadrları  gözlərimizin yaddaşından silməyə nail oldu. Bu gün Ordumuz Tomas De Vaalın dediyi kimi, Laçından “tanklarda və piyadaların döyüş maşınlarında qaçan əsgərlər”i üçrəngli bayraq sancılmış tanklarda məğrur, başıdik o torpağa geri qaytardı. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlarla əldə olunan nəticələrin bir-birini necə tamamladığı bu gün aydın formada özünü göstərdi.

 

Ay Laçın, can Laçın, sən azadsan! Laçın - Qarabağla mənfur qonşularımız arasındakı mərdlik qalası. Dünən daşına-kəsəyinə donuz qanı sürtənlər indi bu qalanın tozuna da həsrətdirlər. Bu gün bir daha cənab Prezidentin “nəyi, necə və nə vaxt etmək” fəlsəfəsi özünü doğrultdu, işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlandı və sonuncu rayon mərkəzinə də nəzarət bərpa olundu.

1992-ci ildə doğma yurd-obasından zorla qovulmuş Laçın sakinləri yenidən torpaqlarına qayıdacaqlar. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi ermənilərin od vurduqları Laçın da qısa vaxtda çiçəklənəcək, rahat nəfəs alacaq. Bu gün Ermənistan heç bir mənada Azərbaycanın sürətinə çata bilmir. 10 noyabr bəyanatına əsasən, Laçına 3 il müddətində çəkilməsi nəzərdə tutulan alternativ yolu Azərbaycan qısa müddətdə çəkdi, artıq istifadəyə verməyə hazırlaşır. Bu, onu deməyə əsas verir ki, Laçın və işğaldan azad edilmiş digər ərazilərimizin yenidən qurularaq sakinlərinə tam şəkildə təhvil veriləcəyi gün uzaq deyil.

 

Laçın həm Ermənistanla, həm də Şuşa, Hadrut, Qubadlı ilə həmsərhəd olan strateji rayonlarımızdan biridir. 1992-ci ildə Ermənistanın Qarabağa daxil olması məhz Laçında yerləşən “koridor” sayəsində idi. Ona görə də Laçın həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün ciddi əhəmiyyət daşıyırdı. Laçın dəhlizindən Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür. Bu yol Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olub. Ermənistan həm Birinci Qarabağ, həm də Vətən Müharibəsində Qarabağın bütün hərbi-texniki, mülki təchizatını bu yol vasitəsilə keçirib. Laçın dəhlizi Ermənistanın sonuncu “nəfəs borusu” idi. Bu gün Azərbaycan Ordusu Ermənistanın son nəfəsini də kəsdi, Ordumuz strateji əhəmiyyətli Laçından bütün bölgəyə nəzarəti tam əlinə aldı.

 

Hədəflərimizə daha da əzmlə irəliləyirik. Böyük uğurlar Azərbaycanı gözləyir!

 

Aytəkin Qardaşova

Tarix: 26 Avqust 2022, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin