BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim: “Tatu sağlamlıq üçün zərərlidir”

“Tatu etdirmək həm kişilər, həm də qadınlar arasında geniş vüsət alıb. Tatu etdirərkən diqqət olunacaq əsas məqamlardan biri tatuaj prosesində istifadə olunan kimyəvi maddələrə qarşı bədənin necə reaksiya verəcəyini bilməkdir. Bu kimyəvi maddələr allergik reaksiyalar verməklə yanaşı, insan orqanizminə sürətli sovrulması nəticəsində müxtəlif zərərlər verə, böyrək sistemində bir sıra təhlükəli hallara gətirib çıxara bilər.”

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov deyib.

 

C.Məhərrəmov bildirib ki, müxtəlif əməliyyat keçirmiş insanlar əməliyyatdan sonra yaranmış tikiş izləri, yəni çapıq toxuma üzərinə tatu etdirirlər: “Ümumiyyətlə, çapıq, şəklini dəyişmiş toxuma üzərində edilən tatunu qəbul etmirəm. Çapıq toxuması onsuz da şəklini dəyişib, yəni, artıq bir dəfə zədə alıb. Çapıq toxuması üzərində işlənən tatular gələcəkdə nəinki dəri xərçəngi riskini artırır, həm də digər təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxara bilir. Şəklini dəyişmiş normal hüceyrəyə, normal toxumaya bu şəkildə bir daha təsir edərək, onun atipikləşməsinə zəmin yaradırıq. Bir boru düşünün, özlüyündə suyu rahatlıqla axıdır. Deşsək, kənarlara su axmağa başlayacaq. Yəni, borunu deşməklə suyun axınında problemlər yaradırıq. Bu qayda ilə da tatu iynəsi vasitəsilə orqanizmə zərbə endirmiş oluruq. Bu səbəbdən də son dönəmlərdə geniş yayılan cərrahi əməliyyat olan abdominoplastikadan sonra da cizgi şəklində olan tikiş yerlərinə tatu etdirilməsi halı da doğru deyil. Tatu işləməsi, həmçinin infeksion xəstəliklərin geniş vüsət almasına, həmin nahiyənin infeksiyalaşmasına, müxtəlif infeksion proseslərin, məsələn, dəridə ağır iltihabi prosesin, yəni ağır selülitlərin inkişaf eləməsinə gətirib çıxara bilir. Ağır viral infeksiyaları da qeyd etmək lazımdır. Bunların içərisində hamıya məlum olan Hepatit B və C, Herpes Simplex adlanan genital infeksion xəstəlik və Tetanus var. Tatu etdirmənin ən təhlükəli hallarından biri də gigiyenik qaydaları gözləməyərək İİV(QİÇS) kimi təhlükəli virusun insandan insana yayılmasıdır. Tatu etdirmək bir növ ağır immun sistemi xəstəliyinin yayılmasına zəmin yaradan məfhuma da çevrilmiş olur. Bəzən gözəl görünmək, özümüzdə dəyişiklik etmək istəyəndə bu kimi zərərləri unduruq”.

 

C.Məhərrəmov qeyd edib ki, tatunu qadın və kişi orqanizmləri arasında bölmək doğru deyil: “Heç bir fərqi yoxdur. Qadınların tatu etdirmək həvəsləri, yəqin ki, son zamanlar estetik əməliyyatların geniş vüsət almasından sonra daha da artıb. Hətta indi dünyada genital bölgənin tatu etdirilməsi nümunələri də var. Bu isə gələcəkdə nəinki dəri xərçənginə, genital bölgə, eyni zamanda servikal boyun xərçənginə qədər gətirib çıxara bilər. Təbii ki, bunların hamısı təhlükəlidir. Tatu müəyyən gözəllik yaratsa da, sağlamlıq üçün zərərlidir.”

 

Leyla Yusubova

Tarix: 26 Avqust 2022, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin