BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquqşünas olmaq istəyənlərin nəzərinə

“Mənimlə hüquq ixtisası, habelə hüquq fakültələri arasında seçim barədə məsləhətləşən valideynlər olub. Onlara nə demişəm? Ölkədə hüquq elmi demək olar ki, yoxdur, hüquq təhsili isə çox zəifdir. Heç normal dərsliklər yoxdur. Buna görə də tələbə ali məktəbə hüquq təhsili üçün deyil, hüquqşünas diplomu üçün daxil olur. Bilik və bacarığa isə özü yiyələnməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənovun sözlərinə görə, hüquqşünas ən ağır peşələrdən biridir: “Yiyələnmək çətindir. İstedadın olub-olmamasından asılı olmayaraq. Sadəcə, istedadlı gənc böyük zəhməti nəticəsində əla hüquqşünas olur (bunların sayı çox azdır). İstedadsız gənc isə böyük zəhməti nəticəsində babat hüquqşünas olur (yaxşı saydıqlarımızın çoxu əslində bunlardır). Hər ikisi də bütün ömrü boyu daim çalışır, öyrənir, mübarizə aparır, həyatını bu peşəyə həsr edir. Psixoloqlar hesab edir ki, hüquqşünaslar depressiyaya, tənhalığa ən çox meylli peşə sahibləridir.  Hətta hüquq sisteminin, məhkəmələrin və hüquq-mühafizə orqanlarının nümunəvi fəaliyyəti olan ölkələrdə belə! Azərbaycan isə hüquq sistemi ən bərbad olan ölkələrdən biridir və azı yaxın 20 il ərzində vəziyyət kəskin dəyişməyəcək (çünki kəskin dəyişikliyin olması üçün əvvəlcə hüquq elmi və təhsili normal olmalıdır ki, yaxşı kadrlar yetişsin). Buna görə də burada istedad, savad, çalışqanlıq, prinsipiallıq və s. heç ikinci dərəcəli meyarlar deyil. Uğurun birinci dərəcəli meyarları lazımi əlaqələrin olması və puldur. Uğurun ikinci dərəcəli meyarları isə əliəyrilik, mütilik və yaltaqlıdqır. Buna görə də övladınızı hüquq diplomu üçün göndərəndə bilin ki, yekunda o, üç yoldan birini seçəcək:

1) ölkədə qalıb prinsipial hüquqşünas olacaq və buna görə də ömrü boyu əziyyət çəkəcək;

2) ölkədə qalıb əclaf olacaq və ondan əziyyət çəkənlərin qarğışından o cümlədən sizə də pay düşəcək;

3) təhsilini bu və ya digər şəkildə xaricdə davam etdirib orada qalaraq yaxşı hüquqşünas olacaq və normal yaşayacaq, amma Vətənə demək olar ki, xeyri olmayacaq”.

 

Kənan

Tarix: 29 Avqust 2022, 07:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin