BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Qadınlar da qəbiristanlığa gedə, axirət günlərini görə bilərlər”

““Qurani-Kərim”də heç bir surədə, ayədə qəbirləri ziyarət etməklə bağlı bir söz belə yoxdur. Yalnız Peyğəmbərin hədislərində deyilir ki, qəbirləri ziyarət edin, çünki onlar sizə axirəti xatırladır. Burada da kişilərlə qadınları bir-birindən ayırmırlar. Hamımız axirətə gedəcəyik və onu görəcəyik. Yəni qadınlarla kişiləri bir-birindən ayırmaq məsələsi heç yerdə qoyulmayıb. Peyğəmbərin bu hədisi cinsindən asılı olmayaraq bütün insanlara aiddir. Adət halını almış bəzi söhbətlətləri “Qurani-Kərim”ə, yaxud da hədislərə bağlamaq doğru deyil. Qəbiristanlıqla bağlı bir hədis var, deyilir ki, qəbirləri ziyarət edin, çünki son mənziliniz qəbirstanlıqdır və siz də sonda bura gələcəksiniz. Kiməsə etdiyiniz yaxşılıq və ya pisliklərimiz müəyyən zaman kəsimində burada gəlib qurtaracaq. Sonda hamının yeri buradır. Buna görə də həyatda özünüzü necə aparmalı, necə işlər görməli olduğunuzu fikirləşin, çünki sonda siz də gəlib bu qəbiristanlıq əhli ilə bir yerdə olacaqsınız. Onsuz da sonda getməyə başqa yer yoxdur. Bizim həyatımızın sonu qəbiristanlıqdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

 

R.Əliyev bildirib ki, qadınların qəbiristanlığa getməsi ilə bağlı heç bir qadağa yoxdur: “İndi bizdə deyirlər ki, qırx mərasiminə qədər qadınlara qəbiristanlığa getmək olmaz. Onlar ancaq mərhumun qırxından sonra gedə bilərlər. Bunun özünün də heç bir dini əsası yoxdur. Bu, sadəcə, adət şəklini alıb. Belə ki, qadınlar qəbiristanlığa dəfn günü və yeddi mərasimində getmirlər, yalnız qırxında gedirlər. Bunu da belə əsaslandırırlar ki, guya qırx mərasimində dəfn olunmuş insanın ruhu sonuncu dəfə qəbiristanlıqda olur, daha sonra fəzaya qalxır. Ancaq ora gələn zaman ruh insanlarla təmasda ola bilər. O təması da biz görmürük. Belə ki, bu təmas yalnız etdiyimiz dualar, müraciətlə dediyimiz sözlərdə olur. Hətta belə bir şey də var, əlini qəbirdaşının üstündəki daşın üstünə qoyub söhbət etsən, ruhlar səni eşidir, bu cür təmas qurmaq olur. Bir sözlə, qadınlar da qəbiristanlığa gedə, axirət günlərini görə bilərlər. Bu onlar üçün də, kişilər üçün də faydalıdır”.

 

Leyla Yusubova

Tarix: 29 Avqust 2022, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin