BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bağban məni yaralama”, “Ana Kürüm” mahnılarının müəllifinin qızı: “Anam dövlət tərəfindən layiqli qiymətləndirilməyib”

“Azərbaycan Yazıçılar İttifaqına olan müraciətimizdən sonra sözlərindən elə çıxdı ki, anam üçün heç nə etmək istəmirlər. Yəni onlar anama hər hansı fəxri ad vermək niyyətində deyillər. Ancaq anam o adı haqq edir. Əlbəttə, onların belə davranışı anamın qəlbinə dəyir, çünki o, illərin yazarıdır. Elə bir mahnısının sözləri bəs edər (“bağban məni yaralama”), hələ digər yazdıqlarını demirəm. Anamın indiyə qədər nə qədər çap olunmuş külliyyatları var. O yaradıcılığı ilə bağlı müxtəlif yerlərdə çıxışlar edib. 1960-cı ildə Səməd Vurğunun heykəlinin açılışı zamanı da anam çıxış edib. Anam Azərbaycan Yazıçılar İttifaqının üzvüdür, hamı onu tanıyır, bilir, “Qızıl qələm” mükafatı da daxil, saysız-hesabsız diplomları var. Təəssüf ki, hələ də anama hər hansı bir fəxri ad verilməyib”.

 

Bunu Pravda.az-a açıqlamasında tanınmış şairə Şərafət Dağıstanlının qızı Günay İdrisova deyib. 

 

“Anam dövlət tərəfindən layiqli qiymətləndirilməyib. Hər hansı fəxri təqaüdə də layiq görülməyib, aldığı, sadəcə,  259 manat adi təqaüddür. Hazırda anam mənimlə birgədir, Amerikada yaşayan rəfiqəmin evində qalıram. Amma buna da min şükür. İndiki şəhid ailələrinin, qazilərimizin yanında bunu demək, qabartmaq pis olar. Əlbəttə, onların dərdlərinin yanında bizim problemimiz heç nədir. Amma yenə də istəyərdik ki, anam layiqli qiyməti görsün, ömrünə nə qalıb ki? Onsuz da gec ailə qurub, 45 yaşında övlad sahibi olub, həyatı qadın kimi də asan olmayıb. O, hər şeyi tək edib, çünki tək olub. Anam Dağıstandan Azərbaycana gələndə, yəni uşaq yaşlarında hər iki valideyini də itirmiş olub və atasının əmisi oğlugildə qalıb. Bir sözlə, çox acınacaqlı həyatı olub, həmişə yazıb, yaradıb. Bu dövlətin tarixinə aid müxtəlif hadisələri poemaları ilə, şeirləri ilə əbədiləşdirib. Anam Dağıstanlıdır, amma həmişə Azərbaycan dilində, Azərbaycan üçün yazıb-yaradıb. Heç vaxt hər hansı ayrı-seçkiliyə yol verməyib. Bəlkə də onun ləqəbi anamı qabağa getməyə imkan verməyib, “Dağıstanlı” ləqəbi ona bəzi yerlərdə mane olub. Burada siyasi məqamlar da ola bilər. Bəlkə də kiminsə gözü götürməyib ki, ləzgi qızı olasan, amma Azərbaycan dilində belə səlis yazıb-yaradasan. Bu isə Allahın anama verdiyi bir vergidir” – yazıçının qızı bildirib.

 

Leyla Yusubova

Tarix: 29 Avqust 2022, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin