BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan istər Rusiya, istərsə də Qərblə münasibətlərdə müstəqil siyasət həyata keçirir”

“Hansısa məqamda Azərbaycanın yürütdüyü siyasət hansısa ölkənin, birliyin xoşuna gəlməyə bilər. Bu, o demək deyil ki, müstəqil siyasət yürütməməliyik. Azərbaycan hökumətinin siyasətinin kökündə xalqın milli maraqları dayanır. Azərbaycan hər zaman istər Rusiya, istərsə də Qərblə münasibətlərdə balanslaşdırılmış, müstəqil siyasət həyata keçirib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Azərbaycanın xarici siyasətdə prioriteti qonşu ölkələrlə yüksək əməkdaşlıq münasibətləri qurmaq, mehriban qonşuluq şəraitində yaşamaqdır: “Əlbəttə, burada Ermənistanı xaric edə bilərik. Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticəsidir ki, münasibətlər tamamilə pozulub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə istər Qarabağ məsələsi ilə, istərsə də daxili, xarici siyasətlə bağlı müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirilir. Cənab Prezident ölkəyə rəhbərlik etdiyi dövrdən bu günə kimi ilk növbədə Azərbaycanın müstəqil iqtisadiyyatını qurdu. Bununla da balanslaşdırılmış, müstəqil siyasət yürütməyə başladı. Azərbaycan xalqı ölkə Prezidentinin yürütdüyü ideal xarici və daxili, o cümlədən işğaldan azad olunmuş ərazilərlə bağlı siyasəti çox yüksək qiymətləndirir. Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları cənab Prezidentin ətrafında sıx birləşib, həmrəylik nümayiş etdirirlər”.

 

C.Osmanov deyib ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamağı təklif edib: “Azərbaycanın sülhlə bağlı təklifləri dünya ölkələri, beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilib, dəstəklənir. Avropa İttifaqı, Qərblə Azərbaycanın münasibətləri çox yüksək səviyyədə qurulub. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən, şaxələndirən ölkələrdən biridir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yüksələn xətlə inkişaf edir”.

 

Aytəkin Qardaşova

Tarix: 31 Avqust 2022, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin