BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur”

“31 avqustda Brüsseldə keçirilən görüşün təfərrüatı ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfindən açıqlama verilməyib. Biz bu görüşün gedişatı ilə bağlı yalnız Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin mətbuata verdiyi bəyanatdan tanış ola bilirik. Bəyanatdan belə başa düşülür ki, bu görüş may ayında keçirilmiş görüşün davamıdır, müzakirə edilən məsələlər də eynidir. Mişel bildirib ki, üçtərəfli görüşdən əvvəl o, hər iki ölkə rəhbərini qəbul  edib. 31 avqust görüşü bu formatda dördüncü müzakirə hesab edilir. Bəyanatda da qeyd edildiyi kimi, müzakirələrin əsas mövzuları Cənubi Qafqazda baş verən son hadisələrə, Avropa İttifaqı ilə hər iki ölkə arasında münasibətlərə və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə həsr edilib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, cənab Mişelin bəyanatından müzakirələrin açıq və məhsuldar keçdiyi aydın olur: “O qeyd edib ki, müzakirədə son görüşdə əldə olunmuş razılaşmaların daha da irəliyə aparılması üçün kifayət qədər müsbət addımlar atılıb. Cənab Mişel bəyanatında müzakirə olunmuş ayrı-ayrı məsələlər üzrə konkret fikirlərini də bildirib. Aİ Şurasının Prezidenti deyib ki, bu müzakirədə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflə razılaşma əldə edilib. Bəyanatda sülh müqaviləsinin mətn layihələri üzərində işləmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə bir ay müddətində görüşmək tapşırılıb. Eyni zamanda müzakirə olunmuş humanitar məsələlər, minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı da ətraflı müzakirələr aparılıb və bildirilib ki, Aİ  gələcəkdə də bu məsələlərlə məşğul olacaq”.

 

M.İbrahimqızı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan problemlərdən biri sərhəd məsələləridir: “Cənab Mişel bəyanatında bu məsələyə toxunaraq sərhədlərin  delimitasiyası və demarkasiyasının vacibliyini, eyni zamanda sərhədboyu  təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib. Qanunsuz erməni silahlı dəstələri Azərbaycan-Ermənistan sərhədində vaxtaşırı hərbi təxribat törədir. Son təxribat isə bu ilin iyul-avqust aylarında olub. Azərbaycan hökuməti bu haqda beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara məlumat verib. Sözsüz ki, həm də silahlı erməni birləşmələri Azərbaycanın qəhrəman Ordusu tərəfindən darmadağın edilib. Mişelin bəyanatından görünür ki, məhz Azərbaycan hökümətinin bu etirazı və sərhəddə törədilən erməni təxribatı görüşdə müzakirə edilib. Aİ Şurasının Prezidenti bildirib ki, bu ilin noyabr ayında  Sərhəd Komissiyalarının növbəti iclasının Brüsseldə keçirilməsi haqqında tərəflər razılığa gəlib. Görüş zamanı nəqliyyat əlaqələri haqqında, eyni zamanda nəqliyyatın blokdan çıxarılmasının vacibliyi də geniş müzakirə olunub. O, Aİ Cənubi Qafqazda uzunmüddətli davamlı sülhə doğru dəstəyə, hər iki ölkənin və bu ölkələrin əhalisinin rifahı, iqtisadi inkişaf naminə bundan sonra da təkan verməyə hazır olduğunu bildirib.  Tərəflər bu ilin noyabr ayının sonunda bu formatda yenidən görüşün keçirilməsinə razılışıb.  Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün verdiyi bəyanatdan bir daha görürük ki, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilmiş dünənki görüşdə müzakirə olunmuş bütün məsələlər ilk gündən Azərbaycan tərəfinin verdiyi təkliflərlə demək olar ki, tam üst-üstə düşür. Hesab edirəm, 31 avqustda konstruktiv mühitdə keçən Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Sentyabr 2022, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin