BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələsgər Məmmədli: “Mətbuat Şurasında deputatların təmsil olunması yanlışdır”

“Birmənalı olaraq media özünü tənzimləyən strukturlar formalaşdırmalıdır. Mətbuat Şurası da medianın, o cümlədən cəmiyyətin medianı tənzimləməklə bağlı müəyyən etdiyi ən yaxşı formatdır. Əlbəttə, Azərbaycanda Mətbuat Şurasının fəaliyyətini ayrıca qiymətləndirmək, mövcud situasiyada onun nə qədər müstəqil fəaliyyət göstərib-göstərmədiyini müzakirə etmək olar, amma onun olub-olmama məsələsini müzakirə etmək yanlışdır. Çünki demokratik ölkələrdə media, mətbuat yalnız özünü tənzimləyən qurumlar vasitəsilə tənzimlənməlidir. Mətbuat Şurası da bu məqsədlə yaradılıb. Hesab edirəm, Mətbuat Şurasının fəaliyyəti, strukturu elə formalaşmalıdır ki, hansısa hökumət qurumu halında görünməsin. Azərbaycanda Mətbuat Şurasında bir neçə deputat təmsil olunur. Bu, yanlışdır. Deputatın onsuz da özünün kürsüsü var, orada istədiyini deyir, həm də cəmiyyəti təmsil edir. Arxasında 50-60 min seçicisi var…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında media hüquqları üzrə ekspert  Ələsgər Məmmədli deyib.

 

Ekspert bildirib ki, Mətbuat Şurasında media işində olanlar, ictimai nəzarət funksiyası həyata keçirə bilən, xüsusən də hökumətyönümlü olmayan, lazım gələndə hökumətin fəaliyyətini təftiş edə biləcək vətəndaş cəmiyyəti qurumları, dövlətə məxsus olmayan universitetlər və digər strukturların peşəkarları təmsil olunmalıdır: “Mətbuat Şurası yeri gələndə müstəqil qərarlar qəbul edib, mətbuatın mənafelərini dövlət hökumət qurumları nəzdindən qoruya bilməlidir. Əks halda, Şura olur hökumət qurumu. Hökumət qurumu olduğu üçün də direktivlər digər strukturlara gəldiyi kimi, ona da gəlir, o da həmin direktivlər çərçivəsində kimisə “ağ”, kimisə “qara” elan edə bilir. Bu baxımdan Mətbuat Şurasının ciddi şəkildə yenidən formalaşmasına ehtiyac var. Azərbaycana Mətbuat Şurası lazımdır”.

 

Ə.Məmmədli “Mətbuat Şurasının sentyabrın 24-də keçiriləcək qurultayında sədrin dəyişilməsinə ehtiyac varmı?” sualına isə belə cavab verib: “Əslində Mətbuat Şurasının I qurultayında qəbul olunan Nizamnamədə sədrin dörd illik iki dəfə seçiliş haqqı var idi. Hesab edirəm, demokratik sistemdə istənilən halda seçim senzinin, yəni məhdudiyyətinin olması zəruridir. Əbədiyyən bir qurumda qalmaq, nəticə etibarilə suda uzun müddət bir yerdə qalanda xoş olmur. Çalışmaq lazımdır ki, yeni qurultayda demokratik prinsip bərpa edilsin. Bir şəxsin iki dəfədən artıq 4 il məhdudiyyəti ilə toplam 8 il seçilməsindən artıq məhdudiyyət qoyulsun və seçilməsin. Rotasiya özü müəyyən mənada yenilik gətirir. Bu, o anlama gəlmir ki, kimsə 8 ildən çox orada olursa, peşəkar deyil, yaxud kimsə 4 ildə daha yaxşı olacaq. Ən azından rotasiyanın olması həm qurumun özünün daxili idarəetməsində yeni şəxslərin idarəetmə təcrübəsinin formalaşmasına, həm cəmiyyətin yeni gözləntilərinin yaranmasına, gənc jurnalistlərin prosesə qatılmasına motivasiya olar”.

 

Aytəkin Qardaşova

Tarix: 7 Sentyabr 2022, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin