BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hakimlərə qarşı terrorçuluğa açıq çağırışlar edilməsində şübhəli şəxs həbs edilib - DTX məlumat yaydı - FOTO

2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılıb.

 

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “Facebook” sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxarmış hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunmuş və onun barəsində axtarış elan edilib.

 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs edilmiş və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

 

“Ölkədə ictimai təhlükəsizliyi təhdid edən, ədalət mühakiməsinə və dövlət orqanlarının fəaliyyətinə qarşı yönələn bu cür əməllərlə bağlı zəruri hüquqi tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək”, - məlumatda deyilir.

Fotoları təqdim edirik
Tarix: 26 Sentyabr 2022, 09:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin