BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayrağı qoparıb atan məmurla bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə Bərdə rayonunda icra hakimiyyəti əməkdaşı olduğu bildirilən şəxsin mağazalardan birinin önündə asılmış bayrağı yerindən qopararaq kobud şəkildə atmasının görüntüləri yayılıb.

 

Videonu ictimailəşdirən şəxs mağazaya gələn məmurun bayrağın həmin yerdən götürülməsini tələb etdiyini, daha sonra isə dövlət bayrağını qopararaq atdığını deyib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb: “Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Bərdə RİH də məsələyə münasibət bildirib: "Bərdə rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınmış və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib. Azərbaycan Respublikasının Dövlət bayrağı bütün azərbaycanlıların baş tacı və qürur mənbəyi olduğu kimi rayonun bütün sakinləri üçün də ən müqəddəs dövlət rəmzidir və onu göz bəbəyi kimi qorumaq hər birimizin ümdə borcudur".

Tarix: 30 Sentyabr 2022, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin