BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “AzTV gülüş hədəfinə çevrilməsindən dərs çıxarmalıdır”

“AzTV-nin istər İran, istər Rusiya ilə bağlı mövqeyi, təbii ki, təqdirəlayiqdir. Fərqi yoxdur, bunu hansı formada edir, aparıcı kimdir və s. Əsas budur, AzTV Rusiya və İrana mesaj verdi ki, siz öz yerli kanallarınızda Azərbaycan əleyhinə təbliğat aparacaqsınızsa, o zaman Azərbaycan da yerli kanallarında dövlətinizin əleyhinə təbliğat aparacaq. Buna diplomatiyada “güzgü effekti” deyilir. Bu, hər bir ölkənin hüququdur. Hansı ölkə hansı davranışı sərgiləyirsə, adekvat olaraq eyni davranışı sərgiləmək hüququmuz var. Bunu doğru addım hesab edirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, “İctimai” və digər televiziya kanallarının da bu mövqeyə qoşulmalarını istəyir: “Hamımız bilirik ki, bu məsələdə siyasi iradə olmazsa, nə AzTV, nə digər kanallar belə bir mövqe sərgiləyə bilərlər. Çox güman ki, bu, siyasi hakimiyyətin iradəsidir və bu, AzTV-də belə formada təzahür edir. Təbii ki, biz də bunu dəstəkləyirik. Belə də olmalıdır. Putin öz kanallarında bizi tənqid etdirirsə, başa düşməlidir ki, bizim kanallarımızda da onu tənqid edəcəklər”.

 

T.Abbaslı Rusiya və İranı tənqid etdiyinə görə AzTV-nin gülüş hədəfinə çevrilməsinə isə belə münasibət bildirib: “Hər zaman deyirdik ki, medianı bu qədər nəzarətdə saxlamaq olmaz. Media kütlələr, insanlar arasında öz statusunu, imicini, hörmətini saxlamalı, qorumalıdır. Sən AzTV-ni qiymət artımına dəstək verən bir kanala çevirəcəksənsə... Dünyanın hər yerində, hətta milyonerlər məhəlləsində gedib soruşsanız ki, qiymət artımına münasibətiniz necədir, deyəcəklər, “pis”. Amma xatırlayıram, AzTV qiymət artımı zamanı insanlar arasında rəy sorğusu keçirmişdi, insanlar da tərifləyirdilər ki, qiymət artımı yaxşıdır. AzTV belə qərəzli mövqe ortaya qoyandan sonra, təbii ki, obyektiv mövqeyi də şübhə altına düşəcək, gülüş hədəfinə çevriləcək. Yeganə səbəbi budur. Yoxsa Azərbaycan ərazisinin böyük əksəriyyətinin istər Rusiya, istər İrana neqativ mövqeyi bəllidir. Məncə, bu münasibətdən dərs çıxarılmalıdır. Düşünməlidirlər ki, media cəmiyyət arasında nüfuza malik olmalıdır, sabah lazım olanda dövlət və millət maraqları naminə mediadan istifadə etmək mümkün olsun”.

 

Aytəkin Qardaşova

Tarix: 25 Oktyabr 2022, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin