BURADA REKLAMINIZ OLA
BİLƏR

Şərif Ağayar: “Ədəbiyyatımızı Anara müncər etmək balinanı çömçəquyruğa bağlamaq kimi bir şeydir”

“Etirazım nə Anarın sədr seçilməsinə, nə də Azərbaycan Yazıçılar Birliyinədir. Çünki qurumun heç bir funksionallığı yoxdur. Etirazım Azərbaycan ədəbiyyatı anlayışının Anara və AYB-yə bağlamağadır. Azərbaycan ədəbiyyatı Anardan, AYB-dən böyük, işıqlı, mütərəqqi anlayışdır. Bunu gətirib Anara müncər etmək balinanı çömçəquyruğa bağlamaq kimi bir şeydir. Təxminən, belə bir şeydir... Azərbaycan Yazıçılar Birliyi çoxdan zamanı keçmiş strukturdur. Artıq çürümə prosesi də gedib. AYB-ni süni şəkildə niyə saxlayırlar, bilmirəm. Bu gün Anarın sədr seçilməsi də, AYB-nin qalması da problem deyil. Problem mütərəqqi ədəbiyyatı, ümumən Azərbaycan ədəbiyyatını AYB kimi çürük bir sistemə tapşırmaqdadır...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış yazıçı Şərif Ağayar deyib.

 

“Qoy AYB qalsın, Anar da kefi istəyən qədər seçilsin. Allah canını sağ eləsin, yüz il işləsin, amma ədəbiyyatı monopoliyada saxlamasın, öz işi ilə məşğul olsun. Dövlət büdcədən havayı pul ayırır. Düzdür, AYB-də zəhmətkeş, kasıb insanlar da var, işləyib, maaş alırlar, alsınlar. Anarın iddiaları belədir ki, ümumiyyətlə, o, Azərbaycan ədəbiyyatının adından danışır, onu təmsil edir. Özü olduğu yerdə kənar hansısa təşkilatların yaranmasını, onların dövlətlə əməkdaşlığını əngəlləyir. Anarın titulları da var və s. Buna görə də çox vaxt məmurlar bu məsələdə Anara güzəştə gedirlər. Ümumiləşdirib, belə deyərdim: Azərbaycan ədəbiyyatının gələcəyi Anarın kaprizlərinə tapşırılır. O, nə vaxtsa ortabab bir yazıçı olub. “Pis yazıçı” demək olmaz. Yaxşı, deyək ki, Anar 30 il bundan əvvəl yaxşı yazıçı olub. Bu, ona əsas vermir ki, bütün müstəqil Azərbaycan ədəbiyyatını belə vəziyyətə salsın, ancaq yaltaqlardan ibarət bir mühitə çevirsin”.

 

Yazıçı Azərbaycan ədəbiyyatının son vəziyyətinə də diqqət çəkib: “Bütün gözəl nələrsə yaranıbsa, AYB-dən kənarda yaranıb. Çox az istisnalarla. Məsələn, Azad Yazarlar Ocağının üzvləri AYB-dən kənar yaradılıb. Formal olaraq AYB üzvü olsa belə, özünü müstəqil hiss edən, ümumiyyətlə, oralara ayaq qoymayan, AYB strukturunun idarə olunmasında necəsə iştirak etməyən insanlar yaratdı ədəbiyyatı. Saday Budaqlı kimi... AYB üzvü olsa da, mahiyyət etibarilə əslində o, AYB-çi deyil. Biz müyyən dövrlər Anarla mübarizə apardıq ki, sədr dəyişsin, getsin. Dəyişməsin, yaşlı adamdır, onsuz da məlumdur ki, o, gedəsi deyil. Bəlkə də, Anar AYB-dən aralansa, yaşaya bilməz. Amma ədəbiyyatı bu kaprizə tapşırmaq olmaz axı. Bu məsələlərdə ağıllı düşünmək lazımdır. Anarın maliyyəsini də ayır, kreslosunu da ver, otağını da bəzə, qoy elə bilsin ki, dahi yazıçıdır, dünyanı bu yönəldir. Onun xasiyyəti belədir, öldürəsi, tutası deyilik ki. Amma ədəbiyyatı ona tapşırmaq olmaz. Qocanın kaprizləri... Fəxri Xiyabanda şəklini gördünüzmü? Hətta məndə belə bir təəssürat yarandı, qəsdən belə edirlər ki, onu camaatın gözündən salsınlar. Həqiqətən, belə bir şey də içimdən keçdi. Tam səmimi deyim ki, içimdə bir az da rəhim hissi yarandı, qocalıq gör insanı gətirib hansı vəziyyətə çıxarır. Anar hər halda “Molla Nəsrəddin” esselərini, “Ağ liman”ı yazan adamdır. Həyat doğrudanmı bu qədər amansızdır? Bu adamın maddi mənada heç bir ehtiyacı yoxdur. Bununla belə, insan necə möhtac qala, belə vəziyyətlərə düşə bilir? Sürünə-sürünə çəkiblər Akademik Milli Dram Teatrının səhnəsinə... Ətrafı da dələduzlarla doludur. Qəribə vəziyyətdir. Şəkilləri görəndə Şimali Koreyanın iclaslarını xatırladır. Gülməlidir. İlin-günün bu vaxtı... AYB Stalinin dövründə yaranan bir qurumdur. Stalinin dövrü qapalı sistem idi, alternativ yox idi. Amma biz dünən Frankfurt kitab fuarından gəlmişik, Gürcüstan qulağımızın dibindədir, insanlar Tiflisə gedib-gəlir, qardaş ölkə Türkiyədə də bilirik  ki, ədəbiyyat, yazıçı azadlığı nə deməkdir. Hətta İran kimi mənasız rejimdə belə, ədəbiyyat hardadır, Azərbaycanda isə hansı kolxoz təfəkkürüdür. Yüzlərlə yazıçı gedib yığılıb, Akademik Milli Dram Teatrında səs verirlər ki, Anar 30 ildən sonra yenə QHT rəhbəri olsun...”

 

Ş.Ağayar deputat, akademik Nizami Cəfərovun “Anar 30 il müddətində AYB-ni məhv olmaqdan qoruyub” deməsinə isə belə münasibət bildirib: “Heç AYB-ni qorumaq lazım deyildi axı. Anar AYB-ni 30 ildə qoruyub nə etdi? Başa düşürəm, Nizami müəllim düz deyir. Binanı da almaq istəyirdilər, Anar qorudu, öz nüfuzundan istifadə etdi. Amma nə qorudu, nəticə nədir? Özü üçün bir şey qoruyub, elə bil, şəxsi ailə mülküdür. Yaxşı, qoruyub. Binanı da verək, Anar özəlləşdirsin, lap oğluna hədiyyə etsin.  Bu adam ədəbiyyata heç nə verməyib. 30 ildir, yazılanlar da dünyaya çıxmır. Proses yoxdur, ədəbiyyatın nəyini qorumuşuq? Gedək, binanı qoruyaq. Nə olsun? “AYB-ni qorumaq” nə deməkdir? Nədən qoruyub, nəyə nail olub? 30 ildir sultan kimi orda oturub, ətrafına da yaltaq-yultaqları yığıb, özünü xan, sultan kimi hiss edir. Bunun bizə nə faydası, nə ictimai əhəmiyyəti var? AYB-nin fəaliyyətində yeganə ələ gələn budur ki, “Azərbaycan” jurnalı, “Ədəbiyyat” qəzeti aşağı-yuxarı çıxır, kimlərsə yazıb, qonorar alırlar. Aparatda 10-15 sadə insan işləyir, evinə bir loxma çörək aparır. AYB-də müdafiə olunası şey yalnız budur. Ədəbiyyatı bu cür məişət məsələlərinə müncər etmək olmaz axı, ədəbiyyat çox geniş anlayışdır...”

 

Aytəkin Qardaşova

Tarix: 26 Oktyabr 2022, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin