BURADA REKLAMINIZ OLA
BİLƏR

Elyar İslamoğlu: “Əksəriyyət İsa Həbibbəylini sifarişlə tənqid edir”

Akademik İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasına prezident seçilməsi bəziləri tərəfindən müsbət qarşılansa da, bu təyinata irad bildirənlər də az olmadı. İddia edilir ki, bundan sonra da AMEA-da Ramiz Mehdiyevin siyasəti davam etdiriləcək. 65 yaşlı müəllimlər təqaüdə göndərildikləri halda, 73 yaşlı alimin AMEA-ya prezident seçilməsi də müzakirə obyektinə çevrilib.

 

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Pravda.az-a müsahibəsində səslənən fikirlərlə bağlı münasibətini bildirib.

 

O deyib ki, İsa Həbibbəyli sırf naxçıvanlı olduğuna görə əksəriyyət onun təyinatını qınayır: “Naxçıvan 44 günlük Vətən Müharibəsində və sonradan torpaqların işğaldan azad olunması uğrunda döyüşənlərin statistikası üzrə birinci yerdədir. İsa müəllimin təyinatına sırf Naxçıvan məsələsinə görə qıcıq olanlar şəhidlərin sayını da tez-tez xatırlasınlar ki, Naxçıvan təkcə bu sahədə yox, digər sahələrdə də həmişə öndədir. Əksəriyyətinin qıcıq olduqları məsələ sırf “yerlibazlıqdır”. Soruşsaq, heç birinin İsa müəllimin fəaliyyətindən xəbəri yoxdur. İsa müəllimin həyatı, yazdığı kitablarla tanış olsunlar. Mən İsa Həbibbəylini tələbəlik illərimdən tanıyıram. Universitetdə oxuyanda İsa müəllim Naxçıvan Dövlət Universitetinin rektoru idi. Həmin vaxtdan onu xeyirxah alim, tələbənin dəyərini bilən, ona qayğı göstərən bir rektor kimi tanımışıq. Hətta bizdə bəzi tələbələr var idi ki, təhsil haqlarını ödəyə bilmirdilər, imkanları çox zəif idi. İsa müəllim ya onların təhsil haqlarını şəxsən özü ödəyirdi, ya da hansısa formada köməklik göstərirdi. İsa müəllimi həmişə belə tanımışam. Sonradan mən AMEA-da işləyəndə İsa müəllim ora vitse-prezident təyin edildi. Akademiyada işlədiyi müddətdə də həmişə İsa müəllimin bütün elmi işçilərə qayğı göstərdiyinin şahidi olmuşam, alimlərə dəyər verib, yetişdirdiyi çox sayda tələbə var. Hazırda onun elmi rəhbəri olduğu alimlərimiz də az deyil. Akademik kimi də fəaliyyəti göz qabağındadır. “Cəlil Məmmədquluzadə” ilə bağlı mövzu araşdırmışdı. Yəni bəzi məsələlər yaşdan yox, görülən işdən asılıdır. İsa müəllim dövlətimiz üçün də xeyli işlər görüb, millət vəkili kimi yaxşı fəaliyyət göstərib. Məsələlərə həmişə ədalətlə yanaşıram. Haqqı deməyi üstün tuturam. Elə vaxtlar olurdu ki, Akademiyada alimlər sıxışdırılırdı, elmi işlərinin müdafiəsinə problemlər yaradılırdı. Düşünürəm, İsa müəllimin dövründə belə hallar olmayacaq. Əksinə, alimlərin daha yaxşı çalışmaları üçün mövcud problemlər aradan qaldırılacaq. Həm də artıq dəqiq elmlər Elm və Təhsil Nazirliyinə verilib. Akademiyada yalnız humanitar fənlər üzrə institutlar qalıb. Ona görə də İsa müəllimin prezident seçilməsi tam qanunauyğundur, burada da hansısa qanunsuzluq yoxdur”.

 

E.İslamoğlu İsa Həbibəylinin fəaliyyəti dövründə də Ramiz Mehdiyevin siyasətinin davam etdiriləcəyi barədə səslənən fikirlərə isə belə münasibət bildirib: “Xeyr, əksinə. Sadəcə, Ramiz Mehdiyevin AMEA-ya rəhbər gəlməsindən əvvəlki fəaliyyətindən narazı olan bəzi insanlar Mehdiyev Akademiyaya gələndən sonra da narazılıqlarını davam etdirdilər. AMEA davamlı mətbuatın gündəmində idi. Bir az haqsız olaraq gündəmdə idi. Bəzən haqsız tənqidlər edirdilər. Çox az hallarda  Akademiyadan bu tənqidlərə cavab verilirdi. Anar 35 ildir, Azərbaycan Yazıçılar Birliyinin rəhbəridir, bu gün yenidən seçildi. Dünən İsa müəllimi qınayanlar bu gün heç Anar müəllimin haqqında nəsə demirlər. Çünki dedikləri sözlərin çoxu məqsədli şəkildədir. Əksəriyyəti sırf məqsədli şəkildə, sifarişlə İsa müəllimə qarşı yönəldilən tənqidlərdir. Naxçıvan Dövlət Universitetində İsa müəllimin dövründə çoxsaylı korpuslar, böyük kitabxana tikildi, yataqxanası təmir edildi, xeyli ixtisaslar, yeni fakültələr açıldı. Onun rektor olduğu müddətdə universitet ən yaxşı dövrünü yaşadı, inkişaf etdi. İsa müəllimin Akademiyada necə fəaliyyət göstərəcəyini də yaşayıb, görərik”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Oktyabr 2022, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin