BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağacları qanunsuz kəsən müharibə iştirakçısı ilə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində qanunsuz ağac kəsmədə təqsirləndirilən Sənan Viləşov (şərti) barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.

 

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Hökdə qeyd edilib ki, Sənan Viləşov barəsində Milli Məclisinin "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarının 1.1, 1.2, 2, 2.5, 9.1, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, təqsirləndirilən şəxs hazırki hökmlə CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzаsından azad olunub.

 

Bildirilib ki, iş üzrə maddi sübut olan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 4 ədəd ağac kötükləri hökm qanuni qüvvəsini aldıqdan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın.

 

İttihama görə, Göyçay rayon sakini, 1991-ci il təvəllüdlü Sənan Viləşov 2020-ci ilin may ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlə aşkar edilmiş günədək, yəni 12 avqust 2020-ci il tarixədək olan müddət ərzində rayonun Çərəkə kəndində yaşadığı evin qarşısında, Çərəkə bələdiyyəsinin mülkiyyətində olan, Şirə kanalının kənarından meşə fonduna aid olmayan, ümumilikdə dörd ədəd köküstə yaş halda olan əbrüşüm-qovaq cinsindən olan ağacları aidiyyatı dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsib.

 

İstintaqla müəyyən edilib ki, o, ümumilikdə təbiətə xeyli miqdarda, yəni 2 200 manat maddi ziyan vurub.

 

Sənan Viləşov barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

Göyçay Rayon Məhkəməsinin hökmünə əsasən, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndini tətbiq edilməklə təyin edilmiş cəzadan azad edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Qeyd: Sənan Viləşov Vətən müharibəsi iştirakçısıdır.

 

Kamal Məmmədov

Tarix: 27 Oktyabr 2022, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin