BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubanın icra başçısının sabiq müavini ilə bağlı qərar ləğv olundu

Ali Məhkəmədə rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətov və Arif Mustafayev barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi İlqar Qılıcovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

İttihama görə, X.Heybətov 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.

 

Belə ki, X.Heybətov A.Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib.

 

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (Rüşvətə təhrik etmə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Quba Rayon Məhkəməsinin hökmünə əsasən, X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub.

 

Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib.

 

Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 28 Oktyabr 2022, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin