BURADA REKLAMINIZ OLA
BİLƏR

Yusif Bağırzadə: “Putin məğlubiyyətdən qaçmaq üçün nüvə silahından istifadə etmək istəyir”

“Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında nüvə təlimləri, başqa adı ilə quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin təlimi keçirilir. Təlimə qanadlı raketləri buraxan uzaqmənzilli "Tu-95MS" təyyarələri də cəlb olunub. Eləcə də hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin qoşunların idarə olunmasının təşkili üzrə bacarıqları yoxlanılıb. Məlumata görə, Plesetskdən “Yars”, Barents dənizindən “Sineva” ballistik raketi, Kamçatkadakı “Kür” polqonundan qitələrarası ballistik raket buraxılıb. “Bu təlimlərlə Rusiya çoxkombinasiyalı gediş edir” desək, daha düzgün olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, politoloq Yusif Bağırzadə deyib.

 

 

O bildirib ki, əvvəla, Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələrinin rus qoşunlarını geri çəkilməyə məcbur etməsi, Rusiyanın işğal etdiyi ərazilərdəki mütəmadi itkiləri, eləcə də sanksiyalar səbəbilə hər gün daha çox çətinliklərlə üzləşən Rusiya üçün indi müvəqqəti də olsa, atəşkəs elan edib, danışıqlar aparmaq olduqca vacibdir: “Rusiya bununla gücünü yenidən səfərbər etmək üçün əlavə vaxt qazanmaq istəyir. Bu mənada nüvə təlimləri Rusiya üçün Ukraynaya təzyiq göstərməyə bir vasitədir. İkincisi, Rusiya bu təlimlərlə həm də ABŞ-a və onun müttəfiqlərinə də mesaj vermiş olur. Yəni başqa sözlə desək, Rusiya ehtiyac yarandığı halda nüvə silahından istifadə etməkdə qəti olduğunun görüntüsünü yaradaraq bir tərəfdən Qərbə Ukraynanı silahlandırmağı dayandırmaq, digər tərəfdən isə yenə də Zelenskini danışıqlara məcbur etmək üçün təzyiq göstərir”.

 

Politoloqun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil: “Çünki söhbət Putindən gedir və o, yaxşı başa düşür ki, bu gün Ukrayna cəbhəsindəki məğlubiyyət Rusiyanın tamamilə çökməsi, ayrı-ayrı dövlətlər üzərində nəzarət imkanlarını itirməsi və beynəlxalq miqyasda mövqelərinin alt-üst olması ilə nəticələnəcək. Ukraynaya məğlubiyyətdən sonra Rusiyanı heç kim ciddi güc kimi qəbul etməyəcək. Odur ki, Putinin özünün də dediyi kimi, nüvə silahından istifadə etməkdə tərəddüd etməyəcəyi ehtimalı kifayət qədər yüksəkdir. O başqa məsələdir ki, Ukraynaya qarşı, hətta taktiki nüvə silahından istifadə etməyin özü də Rusiyanın tamamilə məhvinə gətirə bilər. Amma Putin düşünür ki, nə ABŞ, nə də əlində nüvə silahı olan Qərb dövlətləri Ukraynaya görə Rusiyaya cavab zərbəsi endirməzlər. Çünki bu, faktiki olaraq Üçüncü Dünya müharibəsi demək olar. Nəzərə alsaq ki, nüvə müharibələrinin qalibi olmur, o zaman deyə bilərik ki, Rusiyanın bu silahdan istifadə etməsi dünya üçün böyük fəlakət ola bilər”.

 

Y.Bağırzadə bildirib ki, Putin məğlubiyyətdən qaçmaq üçün nüvə silahından istifadə etmək istəyir: “Bunu elə etmək istəyir ki, Qərb tərəfindən əks zərbə olmasın. Bunun üçün hal-hazırda Rusiyanın hakim dairələri müvafiq bəhanənin hazırlanması üzərində işləyirlər. Bəhanə də odur ki, guya Ukrayna “çirkli bomba”dan istifadə etmək niyyətindədir. Bu bəyanatla Rusiya müdafiə naziri Şoyqu, təhlükəsizlik şurasının katibi Medvedyev, ən nəhayət, Rusiya xarici işlər naziri Lavrov çıxış ediblər. Təbii ki, həm Zelenski, həm də Ukraynanın hərbi siyasi rəhbərliyinə daxil olan digərləri bunu təkzib edirlər. Amma təkzib heç nəyi həll etmir. Rusiya çox rahat şəkildə özü “çirkli bomba” partlayışını həyata keçirə və sonra da bunu Ukrayna tərəfinin ayağına yazaraq partlayışda Ukrayna qüvvələrini günahlandıra və nüvə silahı ilə cavab zərbəsi endirə bilər”.

 

Politoloq əlavə edib: “Məlumat üçün deyim ki, “çirkli bomba” nüvə silahı olmasa da, radioloji silah növüdür. Nüvə silahları kimi onların hazırlanmasında da radioaktiv materiallardan istifadə edilir. Ancaq nüvə bombasında istifadə edildiyi kimi yüksək dərəcədə təmizlənmiş radioaktiv material ehtiva etməsinə ehtiyac yoxdur. Yəni nüvə silahları nüvə parçalanması enerjisindən istifadə edir ki, bu da dağıdıcı şok dalğası, elektromaqnit impulsu, işıq şüalanması, nüfuz edən radiasiya və radioaktiv çirklənmə ilə nəticələnir. Radioloji silahlar isə yalnız bir zərərverici amildən - radioaktiv çirklənmədən istifadə edir. Bu cür silahlar sadəcə olaraq yerin səthinə və atmosferə radioaktiv maddələr yayır, sonra isə havanı, suyu və torpağı çirkləndirir. Bu, onları nüvə silahlarından daha ucuz edir və nüvə silahlarından daha sürətli istehsalına imkan verir. Bomba havada və ya yerdə partlaya bilər, istənilən halda partlayışın enerjisi ərazini çirkləndirməyə kifayət edir. Amerika Alimlər Federasiyası hesablayıb ki, Nyu-Yorkda 9 qram kobalt-60 və 5 kq TNT olan bir bomba Manhettenin bir ucunda partladılarsa, bu, onilliklər ərzində şəhərin bütün ərazisini yaşayış üçün yararsız hala sala bilər. Bu səbəbdən çirkli bombalar kütləvi qırğın silahları kimi tanınır”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Oktyabr 2022, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin