BURADA REKLAMINIZ OLA
BİLƏR

“Geriləmədə üzə çıxmaq istəyənlər çox az olur” - Ekspert

“Bir müddət öncə “Qlobal İnnovasiyalar İndeksi 2022” dərc edilib. Azərbaycan innovasiyaların səviyyəsinə görə 13 pillə geriləyib və 93-cü yerdə qərarlaşıb. Maraqlıdır ki, Azərbaycan BMT-nin “Elektron hokumət indeksi 2022” hesabatında da 13 pillə geriləmişdi. “Qlobal İnnovasiyalar İndeksi 2022”  Hesabatı hər il Kornel Univesriteti, İNSEAD və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilir. Bu il Hesabat 132 ölkəni əhatə edib. Hesabata diqqət yetirəndə görmək olar ki, postsovet ölkələrindən  Estoniya 18-ci, Rusiya 47-ci, Ukrayna 57-ci, Gürcüstan 72-ci, Ermənistan 80-ci, Özbəkistan 82-ci və Qazaxıstan 83-cü yerləri qazanıblar. Azərbaycan 93-cü yeri tutmaqla yalnız Tacikistan və Qırğızıstanı  üstələyə bilib. Qlobal innovasiyalar İndeksi 81 indikator üzrə qiymətləndirmə aparmaqla tərtib edilir. Onlar da “İnnovasiya resursları” və “İnnovasiya nəticələri” subindeksləri üzrə qruplara bölünür. Hesabatdan görsənir ki, Azərbaycanın əsas problemi  “İnnovasiya nəticələri” bölməsi üzrə olub. Anlaşıqlı desək, Hesabatı hazırlayanların məntiqinə görə Azərbaycanda innovasiyalara yetərincə resurslar ayrılıb, amma nəticə adekvat olmayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

 

O.Gündüz qeyd edib ki, Azərbaycan “İnnovativ nəticələr” üzrə ən aşağı yerlərdən birini,  110-cu yeri qazanıb: “Ötən günlər məlumat verilib ki, hökumətin tərkibində olan  Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın  Qlobal İnnovasiyalar İndeksinə cavabdeh qurumların toplantısı keçirilib. Toplantı barədə yayılan açıqlamada ölkəmizin bu hesabatda  geriləməsi ilə bağlı hər hansı məlumat verilməyib. Lakin açıqlanan məlumatdan görünür ki, hökumət də bu məsələdən narahatdır. Xüsusən də, açıqlanan rəsmi məlumatda innovasiyaya qoyulan sərmayə ilə əldə olunun innovasiya nəticələri arasındakı kəskin fərqin səbəblərinin araşdırılmasına xüsusi diqqət yetiriləcəyi qeyd edilib. Azərbaycanla bağlı göstəricilərin yaxşılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin Matrisa layihəsi də hazırlanıb. Bu Layihə İndeksin hər bir indikatorunun yaxşılaşdırılması və bu haqda beynəlxalq qurumlara məlumat göndərməsi üzrə məsul qurumların müəyyən edilməsini nəzərdə tutur. Matrisanın tam mətni açıqlanmayıb. Son hesabatlarla bağlı proseslərdə diqqəti cəlb edən həm də odur ki, adətən irəliləmə olduqda bütün rəhbər qurumların birinci şəxsləri toplantılara qatılır, açıqlamalar verilirdi. Geriləmədə isə üzə çıxmaq istəyənlər çox az olur”.

Tarix: 28 Oktyabr 2022, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin