BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Həddindən artıq utanıram, Çingiz Abdullayev, Anar müəllim kimi adamları qorumalıyıq”

“Anar müəllim Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, əxlaqına, təfəkkürünə çox böyük töhfələr verən bir yazıçıdır. Bu gün onun xidmətlərini unutmaq nankorluqdur. Onu uzun müddətdir, tanıyıram. Yaradıcı insan, ədəbiyyatçı, həm də bir vətəndaş kimi həmişə yazılarını oxumuşam, bu yazılarda Azərbaycan xalqının tarixi, adət-ənənəsi, əxlaqı, dini-fəlsəfi dünya görüşü əks olunub, onlarda Azərbaycan xalqının ruhunu duymuşam. Anar müəllim azərbaycanlı yox, başqa bir xalqın nümayəndəsi olsaydı, bilirəm ki, o, çoxdan “Nobel” mükafatına layiq görülmüşdü. Sovet dövründə onun “Yaxşı padşahın nağılı” povestini oxumuşdum. Povestdə həmin dövrün çətinlikləri, ziddiyyətləri, hakimiyyətdə olanların niyyətləri əksini tapmışdı və Anar müəllim hadisələrə real qiymətini vermişdi. Sonrakı dövrlərdə Anar müəllimin bilavasitə təşəbbüsü, hünəri ilə “Qobustan” jurnalı işıq üzü gördü. Bu, tarixi hadisə idi. Heç kim belə bir jurnalın çıxacağını və Azərbaycan həqiqətlərini, tarixini dünyaya yayacağını təsəvvürünə gətirmirdi. O, böyük dramaturq, senaristdir. Hər yerindən qalxanın belə bir insanı tənqid etməsi, onun haqqında söz deməsi, lağa qoyması, ona ölüm arzulaması qəbulolunmazdır”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında yaşanan qalmaqallara münasibət bildirərkən deyib.

 

“İnanın, həddindən artıq utanıram. Çingiz Abdullayev, Anar müəllim kimi adamları qorumalıyıq. Onların müəyyən iradları ola bilər, amma bu iradlar gəncliyimizə ürəkdəngəlmədir. Heç vaxt istəmərəm ki, Anar müəllim, Çingiz Abdullayev, yaxud başqa ziyalılarımız jurnalistlərimiz haqqında xoşagəlməz sözlər desinlər. Onlar bunu bəzən əsəbləşib edirlər. Çünki bəzən onlara qarşı çox ciddi reaksiyalar, hörmətsizliklər olur. Ağsaqqal kimi birdən onlar jurnalistlərə, yaxud digərlərinə irad tuturlar. Düşünürəm, bu, qəbulolunandır, bunu səmimi qəbul etmək lazımdır. Hamı qocalacaq, hər qocalanı çölə atmaq lazım deyil axı. Bu sahədə Anar müəllim kimi ağsaqqallar lazımdır. Çünki Anar müəllimi dünya tanıyır. Anar müəllimin bir sözü ilə çox məsələlər həll oluna, bir çox mətləblər Azərbaycanın xeyrinə dəyişə bilər. Ona görə də belə adamlar barəsində “qocalıb, yaşı 84-dür, niyə işləyir”, “kimə lazımdır, getsin evində otursun,” “ölüb getməlidir” kimi ifadələr işlətmək azərbaycanlıya yaraşmır”, - deputat bildirib.

 

T.Rzayev deyib ki, 10 il jurnalist kimi fəaliyyət göstərib və jurnalistikanın çətinliklərini çox yaxşı bilir: “İstəməzdim ki, onlar mətbuat barəsində belə sözlər səsləndirsinlər. Mətbuat da, jurnalistlər də mənim üçün doğmadır. Bütün jurnalistlərə hörmətlə yanaşıram. Ancaq bəzən jurnalistlər yersiz suallar verir, yersiz müdaxilələr edirlər, kiminsə yaşına baxmır, ya da haqqında məlumatı olmadan uyğunsuz kəlimələr işlədirlər, adam əndazədən çıxır. Çingiz Abdullayev və Anar haqqında bəzən elə olmayan şeyləri söyləyirlər ki, onları tanıyan adamlar, eləcə də ziyalılar utanırlar. AYB-nin əvvəlki qurultayında iştirak etmişdim. Həmin vaxt da zaldakı bəzi cavanlar Anar və digər yazıçılarımız, ziyalılarımız haqqında elə pis, xoşagəlməz fikirlər söyləyirdilər ki. Dedim ki, heç olmasa, Anar müəllimin yaşına, onun nəslinə-kökünə hörmət qoyun. Kiminsə bir kəlməsi ilə ziyalılarımızı bu cür aşağılamamalıyıq. İstər Çingiz müəllimin, istər Anar müəllimin mətbuatla bağlı səsləndirdikləri ifadələrini dəstəkləmirəm. Onlar səbirli olmalı idilər, çünki dünya görmüş adamlardırlar, çox vaxt jurnalistlərlə işləyiblər, çoxsaylı müsahibələr veriblər. Müəyyən qıcıqverici ifadələrə qarşı gərək səbir nümayiş etdirərdilər”.

 

Deputat vurğulayıb ki, jurnalist haqqında açıq-aydın elə sözlər demək, müəyyən ifadələrlə təhqir etmək düzgün deyil: “Bu, cəmiyyətdə çox mənfi fikir oyadır. Ziyalı, ağıllı adam heç vaxt söyüşlə, təhqirlə danışmaz. Ağılla, faktla danışar. Bəzən mənim də haqqımda yanlış yazıb, təhiqramiz ifadələr işlədiblər, demişəm ki, sonra özünüz düşünərsiniz, kim nəyə layiqdir, hansı ağlın sahibidir. Hamı bir-birini tanıyır, bilir ki, kim kimdir. Qurultayın bu cür keçməsi, mənim üçün də xoş olmadı. Jurnalistin əhval-ruhiyyənin yaxşı olduğu bir vaxtda 203 min manatla bağlı sual verməsi bir az, bəlkə də, onun təcrübəsizliyindən irəli gəlir. Sual verə bilərdi ki, “qurultayın nəticəsindən razısınızmı?”, “bu seçim AYB-yə nə verə bilər?”, “Anar müəllimin hansı perspektivləri var” və s. Biz bu gün hər şeyi pulun, malın üstündə görürük, adamları da bunun üçün qınayırıq. Elə bilirik ki, hamı oğrudur. Xeyr. Madam belə bir sual verilmişdi, Çingiz Abdullayev deyə bilərdi ki, vəsaitin hara xərclənməsi barədə qurultaydan sonra araşdırıb, sizə dəqiq məlumat verərəm. Bu cavab hamısından yaxşı ola bilərdi. Doğrusu budur. Kobud sual verilmişdisə, ona kobud cavab vermək lazım deyildi. Artıq oldu, keçdi. Jurnalistlərimiz daha bu məsələnin üstünə getməməlidirlər, qabartmağa ehtiyac yoxdur. Çünki hər ikisi bizim ziyalımızdır. Xarici ölkələrin bir neçəsində səfərim zamanı Çingiz Abdullayevin əsərlərini insanların əllərində gördüm. Soruşdum ki, bu yazıçını sevirsiniz? Onların arasında ukraynalı, belarus da var idi. Dedilər ki, bu əsərlərə abunə yazılmaq üçün çox çalışırıq. Mən onlara deyəndə ki, Çingiz Abdullayevi tanıyıram, təmasda oluruq, sizi onunla danışdıra bilərəm, onlar necə həyəcan keçirdilər. Çingiz Abdullayevi nə qədər sevirlər. 30 milyon tirajla əsərləri çap olunur. Belə bir yazıçını xırda ifadədən ötrü tənqid etmək, haqqında xoşagəlməz sözlər yazmaq məni çox ağrıdır. O sualın yeri, məkanı deyildi. Kaş o sual verilməyəydi, o cavab da səslənməyəydi...”

 

Aytəkin Qardaşova

Tarix: 28 Oktyabr 2022, 18:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin