BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rusiya Qarabağ ərazisində hansısa saxta referendumla bağlı addımlar ata bilər, amma...”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçidəki görüşdə rus sülhməramlılarının Qarabağda xidmət müddətinin 10-15, hətta 20 il uzadılması ilə bağlı sənədi imzalamağa hazır olduğunu deməsi cəfəngiyyatdan başqa bir şey deyil. Soruşarlar ki, sən kimsən Azərbaycanın suveren ərazisində xidmət göstərən hansısa dövlətin sülhməramlılarının fəaliyyətini uzadırsan? Paşinyanın buna nə səlahiyyəti var, nə də bu barədə ondan kimsə heç nə soruşamayacaq. Bu, sadəcə, Paşinyanın dövlətinin çirkin niyyətindən irəli gəlir. Sülh müqaviləsinin imzalanması ilə bağlı əsas məsələlər qalır kənarda, Paşinyan özünə və Ermənistana aid olmayan məsələləri qabardır. Bu, qəbuledilməzdir. Rusiya sülhməramlılarının fəaliyyətinin uzadılması heç bir halda Paşinyanla razılaşdırılmayıb və razılaşdırılamayacaq. Qarabağ Azərbaycan dövlətinin ərazisidir. Bu məsələ bilavasitə cənab Prezident İlham Əliyevlə müzakirə predmeti olacaq. Qətiyyən inanmıram ki, bugünkü Soçi görüşündə sülhməramlıların mandatlarının uzadılması ilə bağlı hansısa müqaviləyə imza atılsın”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat qeyd edib ki, sülhməramlıların fəaliyyət müddəti 2025-ci ildə bitir: “Hələ üç ilə yaxın zaman var. Azərbaycan dövləti sülhməramlıların fəaliyyətində kənar müdaxilələr, özlərinə aid olmayan hansısa fəaliyyətlə məşğul olduqlarını görsə, təbii ki, buna razılıq verməyəcək. Sülhməramlılar əvvəlcədən müəyyənləşdirildiyi kimi yalnız ictimai-siyasi sabitliyin qorunması, Qarabağda yaşayan azərbaycanlılarla ermənilər arasında hansısa yeni konfliktin yaranmaması üçün neytral fəaliyyət göstərəcəklərsə, təbii ki, mandatın uzadılması məsələsinə gələcəkdə baxıla bilər. Hesab edirəm, Soçi görüşündə daha çox nəqliyyat, loqistika ilə bağlı məsələlərə baxılacaq, sülh müqaviləsinə yönəlik müzakirələr aparılacaq”.

 

N.Məhəməliyev bildirib ki, Xandəndində baş verən etiraz mitinqləri, şübhəsiz, Rusiyanın müəyyən dairələri tərəfindən təşkil olunur: “Təəssüf ki, Rusiyanın Qafqazda mövcudluğunu saxlamaq üçün Qarabağda separatçılıq dəstəklənir. Bu da Rusiya-Azərbaycan arasında formalaşmış müttəfiqlik münasibətlərinə zərər verir. Bu yaxınlarda İrəvanda baş tutmuş “Lazarev Klubu”nun ermənipərəst üzvləri və ermənilərdən ibarət bir dəstə siyasətçi açıq şəkildə bu mövqeyi ortaya qoydular. Ola bilsin, gələcəkdə Rusiya Qarabağ ərazisində hansısa saxta referendum təşkil etməsi ilə bağlı addımlar atsın. Amma o demək deyil ki, bu, qanuni qüvvəyə minəcək. Hesab edirəm, belə bir saxta referendumu nə Azərbaycan, nə də beynəlxalq birlik qəbul edəcək. Bu, ancaq regiona əlavə gərginliklər gətirə, Rusiya-Azərbaycan münasibətlərini çox ciddi böhran vəziyyətinə sala bilər. Bu baxımdan, düşünürəm, Rusiya dövləti belə addım atmaz. Rusiya dövlət olaraq başa düşür ki, Qarabağ ərazisində saxta referendumun təşkil olunması, yaxud Rusiya pasportlarının paylanılması Azərbaycan üçün “qırmızı xətt”dir. Belə olan halda biz qətiyyən Rusiyanın bu siyasəti ilə razlaşa bilmərik və buna qarşı adekvat addımlarımızı atacağıq. Ola bilməz ki, şüşəli evdə oturasan, qonşunun ərazisinə daş atasan. Rusiya ərazisində kifayət qədər Rusiya Federasiyasından kənarda dövlətini qurmaq istəyən formalaşmış muxtar respublikalar, vilayətlər, etnik tərkiblər var. Onlar hər zaman tarixi şərait imkan verdiyi halda öz müstəqilliklərini elan edə bilərlər. Rusiyanın Qarabağ ərazisində separatçılığın dəstəklənməsinə yönəlik bütün addımları yalnız öz əleyhinə işləyə bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 31 Oktyabr 2022, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin