BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rusiya zamanında İrəvana münasibətdə layiq olduğu formada davranmamağın cəzasını çəkir”

“Ermənistan rəhbərliyi Rusiyanın indiki durumundan hansısa formada faydalanmaq ehtimalından imtina etmək niyyətində deyil. Aydın görünür ki, Rusiyanın son davranışları, xüsusən Valday bəyanatı İrəvanı manevr etmək həvəsinə salıb, hətta Nikol Paşinyan Azərbaycan ərazilərindəki Rusiya sülhməramlıların müddəti ilə bağlı sərsəm bəyanatlar verir. Baxmayaraq ki, sülhməramlılar Azərbaycan sərhədləri daxilində müvəqqəti yerləşdirilib, onların missiyasının müddəti 10 noyabr Bəyanatında müəyyən edilib. Qarabağ iqtisadi rayonun müvafiq hissəsində müvəqqəti qalma müddətinin uzadılması, yaxud fəaliyyətə vaxtından tez xitam verilməsi Moskva və Bakının ikitərəfli müzakirəsində ola biləcək məsələdir. İrəvanın bu prosesdə hər hansı formada söz haqqı yoxdur. Ermənistan çox arzu edirsə, özü Gümrüdəki 102-ci bazanın qalma müddətini istədiyi qədər uzada bilər. Paşinyan Azərbaycan ərazisinə əl və dil uzatmanın iki il öncəki acı təcrübəsini unutmamalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, istənilən ölkələrin münasibətlərini təhlil edərkən hər bir dövlətin milli maraq və mənafelərinin olması reallığına anlayışla yanaşılmalıdır: “Bu gün Rusiya-Ermənistan münasibətlərinə də konseptual yanaşsaq, bizi narahat edə biləcək məsələlər zaman-zaman meydana çıxsa da, nəticə etibarilə Bakının itirdiyi bir məqam da yoxdur. Azərbaycan Vətən müharibəsi və sonrakı dövrdə nəyi arzu edirdisə, onu da əldə etdi. Rusiyanın Ermənistanla hərbi müttəfiq olmasına baxmayaraq, Vladimir Putin 44 günlük savaş boyu Azərbaycanın ərazi bütövlüyünə siyasi dəstəyini bir neçə dəfə rəsmən bəyan etdi. Məhz bu reallıqların praqmatik təhlili fonunda cənab İlham Əliyev də Vətən müharibəsi dövründə kapitulyasiya aktının Rusiyanın zəmanəti altında imzalanmasına icazə verdi”.

 

B.Məhərrəmov deyib ki, müharibədən sonrakı iki il ərzində Ermənistanın nə özünün, nə də Rusiyanın üçtərəfli bəyanatdakı imzasına hörmət qoyduğunun, Moskvanın isə susduğunun şahidi olduq:

 

“Təbii ki, Ermənistana münasibətdə Moskvanın belə qətiyyətsiz davranışları Azərbaycanı hansısa formada ləngitmədi. Biz yekun sülhə doğru Brüssel formatında mümkün olan sürətlə irəliləməyə çalışdıq, o cümlədən bir neçə dəfə təxribatlarına cavab olaraq Ermənistanı hərbi yolla cəzalanırdıq. Bu prosesdə, daha doğrusu, İrəvanın xəyanətlərinə və Moskvanın İrəvanın siyasi riyakarlığına münasibətdə aşkar hərəkətsizlik göstərməsinin yeganə zərərçəkəni elə Rusiya özü oldu. Nəticə etibarilə, Rusiya “dözümlülük” göstərməklə nəinki ermənilərin rəğbətini bərpa edə bilmədi, əksinə Ermənistanda Moskvaya olan etimad mühiti tamamilə dağıldı, Moskvanın nüfuzuna zərbə vuruldu. Təsəvvür edin, Rusiya Prezidentinin plakatları cəmi bir neçə saatın içində Pellosinin fotoları ilə əvəzləndi, Rusiya dövləti və rəhbərlərinə qarşı açıq təhqir kampaniyaları başlandı. Təbii ki, Rusiya-Azərbaycan tarixi əlaqələri fonunda, hər iki dövlətin milli maraq və mənafelərinə uyğun formada əməkdaşlığımızın genişlənməsini arzu edən bir dövlət kimi yaşananlar bizdə ikrah doğurur. Amma bir daha nəzərə almalıyıq ki, Rusiya zamanında İrəvana münasibətdə layiq olduğu formada davranmamağın cəzasını çəkir”.

 

Deputat vurğulayıb ki, “Valday”da gündəmə gələn məsələlər, verilən bəyanat da faktiki olaraq qeyd olunan prosesin davamıdır: “Artıq Moskva açıq formada 44 günlük savaşa qədər razılığın əldə olunmamasına, təkliflərin qəbul olunmamasına görə Ermənistanı günahlandırır. Təbii ki, Rusiya Ermənistanın timsalında müttəfiqini itirməmək üçün bunu nisbətən fərqli tərzdə, Vaşinqtonu erməni xalqının düşməni kimi təqdim etməyə çalışır. Amma reallıq bundan ibarətdir ki, Ermənistan artıq tərəfini seçib. İrəvanın bundan sonra Rusiya ilə istənilən razılığının davamlılığına və möhkəmliyinə kimsə təminat verə bilməz. Ermənistanda ictimai rəy də artıq bu prosesə hazırdır. Paşinyana qarşı Moskvadan sui-qəsd təşkil olunması iddiaları, Zatulin və Simonyanın ətrafında qalmaqallar məhz bu prosesin tərkib hissəsidir”.

 

Aytəkin Qardaşova

Tarix: 31 Oktyabr 2022, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin