BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Mirbəşiroğlu: “Soçi görüşündə Zəngəzur dəhlizi məsələsi ona görə müzakirə olunmadı ki…”

“Soçi görüşü 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyənatın, təxminən, iki illiyində keçirildi. Ona görə də bu görüşü bir növ bəyənatın şərtlərinə hansı səviyyədə əməl olunmasına baxış görüşü kimi də qiymətləndirmək lazımdır. Bunu Rusiya Prezidenti Vladimir Putin də qeyd etdi. Rusiya tərəfinin mövqeyi bəyanatın şərtlərinə mütləq əməl olunmasından ibarətdir. Putin də qeyd etdi ki, sənədin şərtlərinə əməl etməmək intihara bərabərdir. Bu, Ermənistana birbaşa mesajdır. Ermənistan faktiki olaraq şərtlərə əməl etmədi. Hesab edirəm, Soçi görüşü proseslərin sürətlənməsi baxımından vacib rol oyanayacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

 

Deputat xatırladıb ki, 2020-ci il 10 noyabr tarixində birgə bəyənat, 2021-ci il 11 yanvar tarixində ikinci sənəd, 2021-ci il 26 noyabr tarixində Soçi sənədi imzalanıb: “Həmin sənədlərdə də müəyyən şərtlər yer almışdı. Bu şərtlərə nə dərəcədə əməl olunmasına baxışın keçirilməsi baxımından dünənki Soçi görüşü əhəmiyyətli idi. Azərbaycan tərəfi bəyənatın şərtlərinə uyğun çox təsirli addımlar atdı. Regionda kommunikasiyanın açılması istiqamətində Azərbaycanın həyata keçirdiyi işlər çox əhəmiyyətlidir. Bu, çox vacib göstəricidir ki, Azərbaycan Prezidenti imzasına hörmətlə yanaşır. Laçın dəhlizinə alternativ yolun çəkilməsini Azərbaycan qısa zaman kəsiyində həyata keçirdi. Sərhədlərin delimitasiya və demarkasiyasının aparılması məsələsində də Azərbaycan ciddi fəallıq nümayiş etdirdi. Amma Ermənistan son anadək bu istiqamətdə fəaliyyət göstərmək üçün nə işçi qrupunu yaratmışdı, nə də digər addımları həyata keçirmişdi”.

 

E.Mirbəşiroğlu Soçi görüşündə Zəngəzur dəhlizi ilə bağlı hər hansı müzakirənin aparılmamasına da diqqət çəkib: “Soçi görüşündə Zəngəzur dəhlizi ətrafında müzakirələr aparılmadı, amma ümumi olaraq tərəflərin yekun bəyanatında vurğulandı ki, əvvəlki üç sənəd rəhbər tutulur və oradakı şərtlərə əməl olunmalıdır, tərəflər bu istiqamətdə daha ciddi fəallıq nümayiş etdirməlidirlər. 10 noyabr bəyanatının 9-cu maddəsində Azərbaycanla Naxçıvan arasında əlaqənin yaradılması məsələsi açıq ifadəsini tapıb. Konkret olaraq, Zəngəzur dəhlizinin adı görüşdə səslənməsə belə, ümumi şəkildə birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyi vurğulandı. Bu, həm də Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasının vacibliyinə işarə edən görüş oldu. Görüşdə “Qarabağ” kəlməsi ümumiyyətlə işlədilmədi Azərbaycan ərazisində yaşayan ermənilərin “status” məsələsi də qaldırılmadı. Əsasən, Putin tərəfindən Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi baxımından yanaşma sərgiləndi. Cənab İlham Əliyev də açıq mətnlə dedi ki, danışılacaq bir şey yoxdur, münaqişə artıq tarixə qovuşub. Ölkə Prezidenti qeyd etdi ki, sülh müqaviləsinin imzalanması üçün 5 bənddən ibarət təkliflərimiz mövcudddur. Bu təkliflərə də istinad olunur”.

 

Deputat vurğulayıb ki, Soçi görüşü öncəsi vəziyyəti də nəzərə almaq lazımdır: “Məsələyə bu kontekstdən də qiymət vermək gərəkdir. Ötən həftənin cümə günü Paşinyanın istəyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn toplantısı keçirildi. Paşinyan sözün həqiqi mənasında aşağılanadı, fiaskoya uğradı. Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyana dedi ki, qarşımıza iki məsələ qoymusan, birincisi, mövqeyimizi bildirək, mövqeyimiz məsələnin sülh yolu ilə həll olunmasıdır. İkincisi, Paşinyan KTMT-dən yol xəritəsi istədi. Lukoşenko dedi ki, yol xəritəsi məsələsində də çətin nəsə yoxdur, get, Azərbaycan Prezidenti İlham Əliyevlə otur, danışıqlar apar, məsələni həll et. Lukaşenko Paşinyanı təhqir edərək bildirdi ki, “qəribə sullar verirsən”. Bu görüşdən sonra Paşinyan “Mülki müqavilə” partiyasının 6-cı qurultayında dedi ki, KTMT ölüb, yoxdur. Yəni Paşinyan toplantıda o qədər aşağılandı ki, aqressiyasını gizlətmədi. Ermənistana hazırkı vəziyyətdə hörmətsiz, etinasız yanaşma var, Azərbaycana isə əksinə. Bunun fonunda Soçi görüşündə prosesləri sürətləndirəcək prinsipiallıq müşahidə etdik. Bu da növbəti addımlar üçün çox vacibdir. Yeri gəlmişkən, KTMT-nin onlayn toplantısında bir daha gördük ki, Azərbaycan o təşkilata üzv olan ölkələr üçün nə dərəcədə vacib tərəfdaşdır. Bütün bunlar göstərir ki, Azərbaycana və cənab Prezidentə çox böyük hörmət var, Azərbaycanın mövqelərinə ehtiramla yanaşılır”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Noyabr 2022, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin