BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: “Paşinyan populist çıxışları ilə aranı qarışdırmağı hədəfləmişdi, amma buna nail ola bilmədi”

“Dünənki Soçi görüşünü mahiyyət etibarilə Brüssel və əvvəlki Soçi görüşlərinin təkrarı kimi qiymətləndirərdim. Lakin burada ən vacib məqam ölkə başçısının bütün hallarda “Qarabağ münaqişəsi tarix olub” ifadəsini vurğulamasıdır. Cənab Prezident keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi. Ermənistan Baş naziri Nikol Paşinyanın görüşdən əvvəlki publikaya oynayan “cəsarətli çıxışı” hər iki cəmiyyətdə müəyyən fikir qarışıqlığına səbəb olmuşdu. Hər zamankı kimi Paşinyan sadəcə populist çıxışları ilə aranı qarışdırmağı hədəfləmişdi ki, buna nail ola bilmədi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, Ermənistan hakimiyyəti tarix boyu asılı olmaq üçün himayədarlar axtarışında olub:

 

“Bu, 90-cı illərdə də, ondan əvvəl də belə idi, bu gün də belədir. Təəssüf ki, bu günə kimi baş tutan görüşlərdə vasitəçi dövlətlə mövqelərinin üst-üstə düşdüyünü qeyd edən Paşinyan İrəvanda tam başqa çıxışlar edir. Bu da onun iradəsiz və mövqesiz siyasi xəttindən irəli gəlir. Şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Bu görüşdə də cənab Prezident İrəvanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb, bunun əsasında normallaşmaya nail olacağını bildirib. Həmin 5 prinsip Azərbaycan dövlətinin milli maraqlarının ifadəsidir. Bəzi siyasi ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər. Azərbaycan cəmiyyətində də təbii olaraq müəyyən narahatlıqlar müşahidə edilirdi. Ermənistan rəhbərliyinin təxribat və pozuculuq cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Ermənistan Baş nazirinin bütün cəhdlərinə baxmayaraq, Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla əlaqəli Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qeyd edim ki, Qarabağla bağlı bütün məsələlər Azərbaycanın daxili işidir. Bütün vasitəçi dövlətlərin də buna hörmət etdiyi göz önündədir. İstər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyi bir məqama xidmət etməlidir - regionda sülh və sabitliyin təmin olunması”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Noyabr 2022, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin