BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Makronun cavabının Əlcəzairdən verilməsi tarixi hadisədir”

“Cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına səfəri baş tutdu. Səfər çərçivəsində cənab İlham Əliyevin 1 noyabr İnqilab Günündə “Milli Mücahid Muzeyi”ni ziyarət etməsi, Əlcəzair xalqının yüz illərdən bəri apardığı mübarizənin, azadlıq savaşının qəhrəmanları, qurbanları ilə tanış olması olduqca vacib addım idi. Bu, bir növ rəmzi xarakter daşıyır. Çünki cənab Prezidentin səfəri zamanı məlumat verildi ki, yüz ildən bəri davam edən Fransa işğalı zamanı 1,5 milyon əlcəzairli qətlə yetirilib. Bu, çox böyük bir rəqəmdir, bütöv bir xalqa qarşı törədilmiş soyıqırım aktıdır. Eyni zamanda Fransa tərəfindən Əlcəzair ərazisində 5 milyondan yuxarı mina basdırılıb. Erməni işğalından əziyyət çəkən Azərbaycan da eyni halla rastlaşıb. 1990-cı illərin əvvəllərində bizim ərazilərimizdə də qətliamlar törədilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ərazilərimizdə 1 milyondan artıq mina basıdırılıb, tarixi, dini, mədəni abidələrimiz dağıdılıb, yerlə-yeksan edilib, ekologiyamıza xeyli ziyan dəyib, sosial infrastrukturumuz məhv edilib. Bütün bunlar Əlcəzair və Azərbaycan xalqının oxşar taleyi yaşadıqlarını göstərir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək torpaqlarımızı geri qaytarmağımız, həmin ərazilərdə yenidənqurma işləri aparmağımız, təbii ki, Qərbin müəyyən dairələri tərəfindən həzm olunmur, bunu qəbul etmək istəmirlər: “Avropa başda olmaqla Qərbin müəyyən ermənipərəst dairələri buna çox böyük qısqanclıqla yanaşırlar. İnanmıram ki, erməni vəhşilikləri barədə məlumatsızdırlar. Ermənilərin viran qoyduqları əraziləri Azərbaycanın qısa zaman kəsiyində necə cənnətə çevirdiyini, qurub-yaratdığını da görürlər. Sadəcə, dünyada mövcud olan xristian təəssübkeşliyi, ikili standartlar imkan vermir ki, onlar öz obyektivliklərini, ədalətli münasibətlərini sərgiləsinlər. Fransa Prezidenti Emmanuel Makronun timsalında bu, daha qabarıq şəkildə özünü göstərir. Çünki bu yaxınlarda Fransa Senatında Azərbaycan əleyhinə sanksiyaların tətbiqi ilə bağlı layihə müzakirəyə çıxarıldı. Azərbaycanı heç vaxt törətmədiyi cinayətlərdə ittiham etməyi, Ermənistana hərbi yardım göstərməyi nəzərdə tutan sanksiyaların tətbiqi gözlənilir. Bu, sadəcə dəhşətdir. Cənab İlham Əliyev Makrona onun dövlətinin vəhşiliklər törətdiyi Əlcəzairdən cavab verdi. Bunun özünün də rəmzi mənası var. Çox doğru yanaşmadır”.

 

N.Məhəməliyev bildirib ki, Ərəb Dövlətləri Liqası böyük bir coğrafiyanı əhatə edir: “Böyük coğrafiyada təbii resurslara, maliyyə resurslarına malik ölkələrlə Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən əməkdaşlığı olduqca vacibdir. Xüsusilə cənab Prezidentin Zirvə toplantısına dəvət edilməsi onun şəxsiyyətinə olan hörmətin, beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyə münasibətin nəticəsidir. Çünki Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə dövlətimiz İslam həmrəyliyinə, İslam ölkələrində haqq-ədalətin bərpasına yönəlik məzhəbçiliyin, təriqətlərə bölünmənin qarşısını alan kifayət qədər tədbirlər görür. Bu istiqamətdə də Ərəb Liqası ölkələri ilə əməkdaşlığımız çox böyük əhəmiyyət kəsb edir. Ona görə də, hesab edirəm, məhz Makronun cavabının Əlcəzairdən verilməsinin özü bir tarixi hadisədir və proseslər üst-üstə düşür. Cənab Prezidentin geniş çıxışı Zirvə toplantısında itirak edən dövlət və hökumət başçıları tərəfindən də çox maraqla qarşılandı. Onlar da öz xarici siyasətlərində cənab İlham Əliyevin göstərdiyi prinsipləri, şübhəsiz, nəzərə alacaqlar”.

 

Aytəkin Qardaşova

Tarix: 2 Noyabr 2022, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin