BURADA REKLAMINIZ OLA
BİLƏR

Elvüsal Məmmədov: ““Halloween” bizə yaddır, qeyri-məqbuldur”

““Cadugərlər bayramı”, yaxud “Halloween” fərqli mədəniyyətin, təfəkkürün, dünya görüşünün, tamam başqa mühitin məhsuludur. Odur ki, bu bayram inancımıza, ümumiyyətlə, azərbaycanlı təfəkkürünə, dünya görüşünə, Azərbaycan mədəniyyətinə zidd, yad hesab olunur. Əvvəla, bu bayram heç bir dəyər aşılamır, heç bir dəyər yükü, məzmunu yoxdur. Cadugərlik nə vaxtdan Azərbaycanda, azərbaycanlı təfəkküründə, müsəlman inancında dəyər hesab olunub? Halbuki milli, dini bayramlarımız bizə dəyər aşılayır”.

 

Pravda.az xəbər verir ki, bu sözləri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Elvüsal Məmmədov deyib.

 

Alim bildirib ki, “Halloween” bayramı adət etdiyimiz, öyrəşdiyimiz, milli və dini kimliyimizi əmələ gətirən anlayışlara, təsəvvürlərə əks paradiqmalar təqdim edir: “Belə ki, “cadugərlik” mənfi anlayışdır, xoş fəaliyyət sahəsi deyil. Amma biz bu bayram sayəsində cadugərliyə xoş baxır, ona rəğbət bəsləyirik, çünki cadugərliyin bayramını keçiririk. Həmçinin “Halloween”də iblis – şeytan müəyyən formada tərənnüm edilir. Biz bu bayramı keçirməklə, əslində şeytanın, yaxud şeytani qüvvələrin təmsilçisi rolunu oynamış olmuruqmu? Halbuki dünya görüşümüzdə, inancımızda şeytan mənfi obrazı təmsil edir. Biz bu bayramın sayəsində şeytana rəğbət bəsləyən paradiqmanı mənimsəmiş oluruq. Kimsə deyə bilər ki, bu, əyləncədir, məsələyə bu qədər fəlsəfi yanaşmayın, onda dəyər axtarmayın, qoy uşaqlar əylənsinlər. Tutaq ki, dediyiniz doğrudur, amma siz uşaq xarakteri və psixikasını diqqətdən qaçırırsınız. Nəzərə alaq ki, “Halloween” özündə qorxu elementləri ehtiva edən bayramdır. Əlbəttə ki, bu, azyaşlıların xarakterinin, emosiyalarının, psixikasının mənfi istiqamətdə formalaşmasına səbəb olur. Uşaq kimliyi uşaqların iç-içə olduğu mühitin təsirində qalır. Xüsusən, əyləncə və oyunların uşaqların hissi, spitual, psixoloji dünyalarına təsiri müasir dövrdə isbatlanmış məsələdir. “Halloween” uşaqlara yaxşı heç nə vəd etmir. Deməli, dəyər daşıyıcısı olmaq və dəyər aşılamaq, dünya görüşümüzü, inancımızı əmələ gətirən təsəvvürlərə, anlayışlara əks düşən paradiqmalar təqdim etmək baxımından, nəhayət, uşaq psixikasına mənfi təsir göstərdiyindən “Halloween” bizə yaddır, bizim üçün qeyri-məqbuldur”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Noyabr 2022, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin